11 C
Baku
Wednesday, December 11, 2024

İqtisadi Zonaların İnkişafı Agentliyinin nizamnaməsi hazırlanacaq

İqtisadi Zonaların İnkişafı Agentliyinin nizamnaməsinin layihəsi, habelə nizamnamə fondunun miqdarı barədə təkliflər hazırlanacaq.

Bu, Baş nazir Əli Əsədovun “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasının təmin edilməsi barədə” sərəncamında əksini tapıb.

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:

– İqtisadi Zonaların İnkişafı Agentliyinin nizamnaməsinin layihəsini, habelə nizamnamə fondunun miqdarı barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

– “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin layihəsi ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etsin.

İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla Agentlik dövlət qeydiyyatına alındığı gündən on beş gün müddətində:

– Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etsin;

– “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan əmlakın Agentliyin balansına verilməsini təmin edib, Nazirlər Kabinetinə məlumat versin.

Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Nazirlər Kabinetinə təqdim etsinlər. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat versinlər.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat versin.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər