Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası və İqtisadiyyat Nazirliyinin ötən ildəki fəaliyyəti ilə bağlı geniş kollegiya iclası keçirilib.
İqtisadiyyat Nazirliyindən Banker.az-a verilən məlumata görə. Kollegiya iclasında “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Rövşən Nəcəf məruzəsində sənaye məhəllələrinin yaradılması istiqamətində görülən işlər barədə məlumat verib.
O bildirib ki, 2017-ci ildə istifadəyə verilmiş Neftçala Sənaye Məhəlləsində 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir: “Artıq 6 müəssisə fəaliyyətə başlayıb. Rezidentlər tərəfindən Sənaye Məhəlləsinə ümumilikdə 45,3 mln. manat investisiya yatırılıb, 500-ə yaxın yeni iş yeri yaradılıb. 2018-ci ilin I rübündə Neftçala Sənaye Məhəlləsində “Azproduct” MMC (balıq konservi və soyudulmuş balıq üzrə ixtisaslaşmış), “Gilan Pivot” MMC (PİVOT suvarma sistemləri istehsalı), “Azərmaş” ASC və “İran Khodro” birgə avtomobil zavodunun fəaliyyətə başlaması nəzərdə tutulur. Sahibkarların marağı nəzərə alınaraq yeni layihələrin icrası məqsədilə Neftçala Sənaye Məhəlləsinin ərazisinin əlavə 5 ha genişləndirilməsi nəzərdə tutulur və artıq müvafiq prosedurlara başlanılıb”.
R. Nəcəf bildirib ki, Masallı Sənaye Məhəlləsində tikinti işləri sürətlə aparılır və I mərhələ çərçivəsində tikinti işləri 2018-ci ilin fevral ayında başa çatdırılacaq və sənaye məhəlləsindəki istehsal sahələri sahibkarların istifadəsinə veriləcək: “Ümumi ərazisi 10 hektar olan Masallı Sənaye Məhəlləsində birinci mərhələdə üç istehsalat korpusu, inzibati və texniki binalar, köməkçi sahələr tikiləcək. Sahibkarlar tərəfindən artıq ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təklifi təqdim olunub. İlk olaraq Sənaye Məhəlləsində ümumi dəyəri 7,1 mln. manat olan 9 layihənin icrasına başlanılacaq. 200-dən çox iş yerinin yaradılacağı bu layihələrdən 4-ü mebel istehsalı, digərləri plastik məmulatlar, metal məmulatlar, tikinti materialları, kabel istehsalı və dulusçuluq məmulatları istehsalı sahələrini əhatə edir. Bu müəssisələrin cari ilin aprel ayında fəaliyyətə başlaması nəzərdə tutulur. Hazırda tikintidə 200 nəfər çalışır. Müəssisələrin işə düşməsi nəticəsində 600-dən çox yeni iş yeri açılacaq”.
R. Nəcəfin sözlərinə görə, dövlət başçısının ötən il imzaladığı sərəncama əsasın, Hacıqabul Sənaye Məhəlləsi yaradılır: “Sənaye Məhəlləsində tikinti işlərinə 2018-ci ilin fevralında başlanılması və iyul ayında başa çatdırılması nəzərdə tutulur. Tikinti işlərinə 200 nəfərdən çox işçi cəlb olunacaqdır. Sənaye Məhəlləsi əsasən ağır maşınqayırma, xüsusi vaqonqayırma, avtomobil və kompozit materialları istehsalı sahələrində ixtisaslaşacaq. Hacıqabul Sənaye Məhəlləsinə sahibkar marağı böyükdür və artıq 6 layihə təqdim edilib. Bu layihələr çərçivəsində 43 mln. manat investisiya yatırılması və 850-dən çox iş yerinin yaradılması planlaşdırılır”.
O həmçinin qeyd edib ki, 2017-ci ildə dövlət başçısı Sabirabad Sənaye Məhəlləsinin yaradılması barədə sərəncam imzalayıb və sənaye məhəlləsinin təməlini qoyub. 20,3 hektar ərazidə salınacaq sənaye məhəlləsində tikinti işlərinə 2018-ci ilin fevral ayının sonlarında başlanılması və birinci mərhələnin iyul ayında başa çatdırılması nəzərdə tutulur: “Sənaye Məhəlləsində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin və logistika mərkəzinin yaradılması nəzərdə tutulur. Dövlət başçısının tapşırığına uyğun olaraq, digər rayonlarda da sənaye məhəllələrinin yaradılması istiqamətində iş aparılır”.