İRAN PREZİDENTİ İBRAHİM RƏİSİ yanvarın 19-da və 20-də Rusiyaya iki günlük səfər edərək bu ölkənin prezidenti Vladimir Putinlə görüşüb fikir mübadiləsi apardı. İran prezidenti Kremldəki görüşünü yekunlaşdırdıqdan sonra iş adamları və Moskavadakı müsəlman icmalarının nümayəndələri ilə görüşdü.
İbrahim Rəisi prezident kimi ilk dəfə Rusiyaya səfər edib. O daha əvvəl rusiyalı həmkarıyla Şanxay Əməkdaşlıq Təşkilatının Düşənbədə keçirilən konfransı zamanı qiyabi təmas qurmuşdu. Doğrudur, digərlərindən fərqli olaraq Çin və Rusiya liderləri konfransa onlayn formada qatılmışdılar. Daha sonra Rəisi Putinlə bir neçə dəfə telefonla danışdı. Telefon danışıqlarda ikitərəfli əməkdaşlıqla yanaşı İranın nüvə proqramı, Suriya, Əfqanıstan və Qarabağ ətrafındakı durum müzakirə olunmuşdu.
İran prezidentinin Moskvaya səfərinin əsas qayəsi Rusiyadan müasir hərbi texnikanın alınmasıdır. Söhbət 10 milyard dollarlıq sazişdən gedir. Rusiya İranla hərbi əməkdaşlığı genişləndirməyə hazırdır. Ancaq Rusiya hərbi texnikanı nəğd şəkildə satmağa hazırdır. İranın isə üzləşdiyi sərt sanksiyalara görə valyuta problemi mövcuddur. Bu səbəbdən İranın silah və hərbi texnika alması üçün də valyutaya ehtiyacı var.
Tehranla Qərb arasında nüvə danışıqlarında irəriləyiş yoxdur. Buna görə də İranın dəstək axtardığı dövlətlərin sayı çox deyil. Tehran Moskva və Pekinə ümid edir. Rusiya və Çin nüvə danışıqlarının nəticəsini gözləmədən İrana qarşı sanksiyaların ortadan qaldırlmasını istəyirlər. Hər üçünün hazırda Qərblə münasibətlərində problemləri mövcud olduğuna görə İran, Rusiya və Çin siyasi və hərbi əməkdaşlığı genişləndirməyə qərar veriblər. Bu 3 ölkə tarixlərində ilk dəfə olaraq ortaq hərbi təlimlərə yaşıl işıq yandırıblar.
3 ölkənin dəniz qüvvələri yanvarın 21-də Hind okeanının şimal hissəsində hərbi təlimlərə başlayıblar. “Təhlükəsizlik kəməri-2022” kod adı ilə adlandırılan hərbi dəniz təlimləri okeanın 17 min kvadratkilometr ərazisini əhatə edəcək. Təlimlərə hərbi hava qüvvələri də cəlb ediləcək. 3 dövlət bununla kifayətlənməyərək hərbi dəniz sahəsində gələcəkdə birgə təlimlər keçirəcəklər. Bu təlimlər terrorçulara, dəniz quldurlarına və qaçaqmalçılara qarşı aparılan mübarizəni təkmilləşdirmək məqsədi kimi göstərilsə də, əsas hədəfin Amerika hərbi gəmilərinin okeanlarda hegemonluğunu əngəlləməyə çalışmaqdır.
Hərbi əməkdaşlığa baxmayaraq, İranla Rusiya arasında iqtisadi-ticarət tərəfdaşlığı yüksək deyil. Qarşılıqlı yatırımlardan danışmağa dəyməz. İki qonşunun ticarət mübadiləsi 2 milyard dolları ötmür. Bu səfər zamanı İran və Rusiya 5 milyard dollarlıq kredit xəttinin açılması haqqında razılığa gəliblər. İki ölkə arasında elektrik stansiyalarının tikintisi, İranın Rusiyadan lokomotiv alması, Rəşt-Astara dəmir yolunun tikintisinin təkmilləşdirilməsi haqqında razılıq əldə olunub. Ancaq bunlar hələ ilkin niyyətlərdir, razılaşmaların necə reallaşacağını zaman göstərəcək.
İran iqtisadi mövzularda Çinə üstünlük verir. Təsadüfi deyil ki, iki ölkə arasında 25 ili əhatə edən saziş imzalanıb. Sazişin detalları İran və beynəlxalq cəmiyyətə bəlli deyil. Məlum olan budur ki, Çin 25 il ərzində İrana yüz milyardlarla dollar yatırım qoyacaq. Ancaq İranda bu sazişə ehtiyatla yanaşanlar da az deyil. Çünki hesab edilir ki, Çin İranın əsas müəssisələrinə sahib ola bilər və gələcəkdə bunun İran üçün ciddi fəsadları olacaq.
Tehranın Moskva və Pekinlə yaxınlığına baxmayaraq, İranda keçirilən rəy sorğuları Rusiya və Çinin xeyrinə deyil. Sorğulardan birinin nəticəsinə görə, İran vətəndaşlarının yalnız 25 faizi Rusiyaya müsbət yanaşır. Çinə müsbət yanaşanlar isə cəmi 27 faizdir. Rusiyaya neqativ yanaşanlar 65 faiz, Çinə neqativ yanaşanlar isə 66 faizdir. Rusiya mediasının da diqqətini çəkən məqam odur ki, Tehranın şeytan yuvası adlandırdığı ABŞ və İsrailə münasibət Rusiya və Çinlə münasibətdə daha müsbətdir. Sorğu nəticələrinə görə İran vətəndaşlarının 71 faizi İranla Çin arasında imzalanan 25 illik sazişə də neqativ yanaşır.
Beləliklə, Tehranın seçdiyi dostlara İran cəmiyyətinin inamı azdır. Aydındır ki, Qərbin sanksiyaları ilə üzləşən Tehran tərəfdaş seçimində manevr imkanlarına malik deyil. Ancaq İran cəmiyyəti də görür ki, Rusiya və Çinin əsas dərdi və marağı ətrafında anti-Qərb bloku formalaşdırmaq və asılı dövlətlərin sayını artırmaqdır.
Müəllif:
Elxan Şahinoğlu,
“Atlas” Araşdırmalar Mərkəzi