İran parlamenti illərlə davam edən inflyasiyadan sonra hesablamaları və gündəlik əməliyyatları sadələşdirmək məqsədilə milli valyutasından dörd sıfırın çıxarılmasını nəzərdə tutan pul islahatını təsdiqləyib.
Banker.az xəbər verir ki, son illərdə 35%-dən yuxarı inflyasiya nəticəsində İran rialı kəskin ucuzlaşıb və azad bazarda 1 ABŞ dolları = 1 150 000 rial səviyyəsinə düşüb. Bu isə insanların hesab-fakturaları və maliyyə sənədlərini başa düşməsini çətinləşdirib.
Dövlət mediası bazar günü xəbər verib ki, parlament illərdir üzərində işlənən qanun layihəsini Mühafizəçilər Şurasının iradələrini aradan qaldırdıqdan sonra təsdiqləyib.
“Valyutanın adı rial olaraq qalır və dəyişiklik dərhal baş verməyəcək,” – parlamentin iqtisadi komissiyasının rəhbəri Şəmsəddin Hüseyn dövlət televiziyasına bildirib.
Onun sözlərinə görə, İran Mərkəzi Bankına bu dəyişiklik üçün iki il hazırlıq müddəti veriləcək. Daha sonra isə üç il davam edəcək keçid dövründə köhnə və yeni əskinaslar paralel şəkildə dövriyyədə olacaq.
Hüseyn əlavə edib ki, bu addım rialdan əməliyyatlarda və hesablamalarda istifadəni asanlaşdıracaq, çünki yüksək inflyasiya banknotların praktik faydasını xeyli azaldıb.
Bununla belə, qərar cəmiyyətdə birmənalı qarşılanmayıb. “Milli valyutanın nüfuzunu dörd sıfır silməklə bərpa etmək mümkün deyil. Bunu yalnız pulun real dəyərini gücləndirməklə etmək olar,” – İran Tələbə Xəbər Agentliyinin (ISNA) məlumatına görə, millət vəkili Hüseyn Samsami bazar günü belə deyib.
Yüksək inflyasiya ilə üzləşən bir çox ölkələr də vaxtilə valyutalarından sıfırları silməyə cəhd ediblər. Məsələn, Venesuela son illərdə bir neçə pul islahatı həyata keçirsə də, inflyasiya orada hələ də yüksək olaraq qalır.
Bu arada Azərbaycan Mərkəzi Bankı İran rialının məzənnəsinin açıqlanmasını dayandırıb. Belə ki, İran rialı üzrə ənənəvi istinad mənbələrindən məlumat əldə edilməsinin mümkün olmaması, həmçinin alternativ mənbələrin məhdudluğu və etibarlı olmaması nəzərə alınaraq, Mərkəzi Bank tərəfindən 01 oktyabr 2025-ci il tarixindən İran rialının manata qarşı rəsmi məzənnəsinin açıqlanması dayandırılıb