2 C
Baku
Sunday, December 15, 2024

İran sanksiyalara dözə biləcəkmi?

İranın neft sektoruna qarşı ABŞ-ın sərt sanksiyaları ötən bazar ertəsi qüvvəyə minib.

Bu hadisəyə İran prezidenti Həsən Ruhani çevik cavab verib.

“Heç şübhə yoxdur ki, Birləşmiş Ştatlar İrana qarşı bu yeni qəsddə uğur qazana bilməyəcək, çünki onlar indidən addım-addım geri çəkilirlər”.

İran özünün neft ixracatından son dərəcə asılıdır və yeni sanksiyalar səmərəli olsa, ölkənin iqtisadiyyatına böyük zərbə toxunacaq. Banker.az bildirir ki, bu barədə BBC yazır.

Avropa İttifaqı yeni sanksiyalara baxmayaraq İranla ticarət edən şirkətlərə dəstək təklif edib.

Bəs bu şirkətlər onların ABŞ-la ticarətini məhdudlaşdıra biləcək bu sanksiyalardan çəkinmirlərmii?

Amerika niyə sanksiyalar qoyur?

2015-ci ilin nüvə sazişinin “dəhşətli razılaşma” olduğundan qəzəblənən Donald Trump bu ilin əvvələrində ölkəsini bu tarixi və çoxtərəfli razılaşmadan çıxarıb.

Bu razılaşma İranın öz nüvə proqramını məhdudlaşdırması müqabilində onun üzərindəki beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tutur.Azadi Tower

Nəticədə 2016-cı ildə ABŞ və sazişi imzalayan başqa ölkələr tərəfindən Tehranın üzərinə qoyulmuş sanksiyalar qaldırılmışdı. İndi bu sanksiyaları ABŞ birtərəfli qaydada yenidən tətbiq edir. Trump İranı sazişin “ruhunu” pozmaqda ittiham edirdi.

İran neft ehtiyatlarına görə dünyanın dördüncü ölkəsidir.

Lakin Avropa da daxil, başqa ölkələr İranın nüvə sazişinə əməl etdiyinə əmindirlər. Avropa ölkələri bildiriblər ki, İranın üzərinə sanksiyaların bərpa olunmasına dair ABŞ siyasətinə qoşulmayacaqlar.

Lakin ABŞ-ın qlobal ticarətdəki hegemonluğu o qədər böyükdür ki, hətta Vaşinqtonun sanksiyaları bərpa edəcəyi barədə xəbərin özü beynəlxalq şirkətlərin İran investisiyalarını geri götürməsinə səbəb olub. Bundan sonra İranın neft hasilatı da azalmağa başlayıb.

ABŞ sanksiyaları necə işləyəcək?

ABŞ-ın son sanksiyalarına görə İranla ticarət edən hər hansı bir şirkət Birləşmiş Ştatlardakı biznesindən məhrum olur.

Bundan başqa, dolayısı ilə və ya ikinci dərəcəli sanksiyalar İranla ticarət edən hər hansı şirkətlə işbirliyində olan ABŞ şirkətlərinə də şamil oluna bilər.

İranın bank sistemi üzərinə sanksiaylar bazar ertəsi işə salınıb. Ötən avqustda qızıl, qiymətli metal ticarəti və avtomatika sahəsinin bir sıra sənayelərinə qarşı məhdudlaşdırıcı tədbirlər irəli sürülmüşdü.

ABŞ bəyan etmişdi ki, son nəticədə İranın neft ticarətini tamamilə bloklamaq niyyətindədir. Buna baxmayaraq Vaşiqnton 8 ölkəyə müvəqqəti olaraq İrandan idxalın davam etdirilməsinə icazə verib. Lakin bu ölkələrdən İranla ticarəti tədricən azaltmaq tələb olunub.

Associated Press xəbər verir ki, bu səkkiz ölkənin arasında İtaliya, Hindistan, Yaponiya və Cənubi Koreya da var.

Sanksiyalardan yan keçmək

Avropa şirkətlərinin İranla ticarət edib eyni zamanda ABŞ-ın cərimələri ilə üz-üzə qalmaması üçün Avropa İttifaqı Xüsusi Məqsədli Ödəniş (Special Purpose Vehicle) və ya qısaca SPV mexanizmini yaratmaq istəyir.

Bu sistem şirkətlərə İranla ABŞ-ın maliyyə sistemindən yan keçməklə ticarət etmək imkanı yaratmalıdır.

SPV bir bank kimi fəaliyyət göstərərək şirkətlərlə İran arasındakı maliyyə tranşlarını həyata keçirməldir. Belədə şirkətlər pulu bilavasitə İrana ödəməyəcəklər.

Bu o deməkdir ki, İrandan neft idxal edən Avropa İttifaqı ölkəsi ödənişləri həmin bu SPV-yə edəcək.

Bundan sonra İran bu pullardan kredit kimi başqa Avropa ölkələrindən mal almaq üçün istifadə edə bilər.

Bu sistem işləyəcəkmi?

Lakin hətta Avropanın belə bir planı olsa da, İrana bağlı hər hansı biznesə girişmək bir çox şirkətlər üçün riskli ola bilər.

Məsələn bir yük daşımaları şirkəti nefti SPV mexanizmi vasitəsilə alsa da, yükü sığortalamalı olan sığorta şirkəti dolayısı ilə ABŞ sanskiyalarına tuş gələ bilər. Bu isə potensial olaraq həmin şirkətin Birləşmiş Ştatlardakı biznesini itirməsi demək olardı.

Columbia Universitetinin sanksiyalar üzrə eksperti Richard Nephew deyir ki, İran iqtisadiyyatı birbaşa olaraq ABŞ-ın maliyyə sisteminə əsaslanmır:

“Lakin məsələ burasındadır ki, İranın əksər böyük ticarət partnyorları bu sistemdən asılıdırlar və bu, onların İranla biznes etmək naminə Birləşmiş Ştatların bank sisteminə girişini risk qarşısında qoyur”.

Ekspertin sözlərinə görə, SPV sistemi böyük şirkətlərdənsə, kiçik bizneslər üçün sərfəlidir.

Başqa bir problem budur ki, İranla ticarət üçün SPV-də istifadə olunmuş məhsullar da dolayısı ilə ABŞ sanksiyaları ilə üzləşə bilər.

Reed Smith beynəlxalq ticarət və milli təhlükəsizlik firmasından Leigh Hansson deyir ki, tranşların özü də xeyli riskli olacaq.

Müvəqqəti kompromis?

ABŞ İranın neft ixracatını sıfra endirmək əzmində olduğunu bidlirirdi, lakin Birmingham Universitetinin beynəlxalq siyasət professoru Scott Lucas deyir ki, bunu etmək çətin olacaq, beləki nəticədə neftin qiymətləri qalxa bilər.

İranla neft ticarətinə ABŞ tərəfindən icazə verilmiş bir sıra ölkələrdən başqa, İranın ən böyük neft idxalçısı Çinin Tehrana dəstək verməsi həlledici rol oynaya bilər.

Son dəfə 2010 və 2016-cı illər arasında İran neftinə embarqo qoyulduqdan sonra onun ixracatı yarıbayarı azalmışdı.

Heç şübhə yoxdur ki, budəfəki sanksiyalar da ixracatı təsirləndirəcək. Amma bu da aydındır ki, İranın qalan partnyorları da bu ölkə ilə ticarət bağlarının saxlanmasına cəhdlər edəcək.

European Council on Foreign Relations analitik mərkəzindən Ellie Geranmayeh deyir ki, sanksiyaların ağır olmayacağına dair xülyalara dalmaq olmaz. Bununla belə ekspertin sözlərinə görə İran əvvəllər bu cür sanksiyalara tab gətirə bilib.

Ekspertin fikrincə, İran əvvəlki sanksiyalar zamanı əldə etdiyi təcrübədən istifadə edərək öz neftini satmaq üçün yeni yaradıcı yollar tapacaq.

Avropa investisiyalarının boş qalmış yerini doldurmaq üçünsə Tehran şərqə – Çinə və Rusiyaya üz tutacaq.

Son xəbərlər
Digər xəbərlər