10 C
Baku
Friday, December 13, 2024

İran və Azərbaycan bir-birini Astara sərhədində sıxlıq yaratmaqda ittiham edir

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) İrandan Rusiyaya yollanacaq nəqliyyat vasitələrinin hərəkətinə “qəsdən maneçilik törətməsi” ilə bağlı İran tərəfinin iddialarını “əsassız” adlandırıb.

“Ötən gün bəzi kütləvi informasiya vasitələrində İran-Rusiya birgə Ticari Palatasının direktorlar şurasının üzvü Seyid Cəlalifərin verdiyi açıqlamaya istinadən Astara gömrük-sərhəd keçid məntəqəsinin İran tərəfində böyük sıxlığın yarandığı barədə məlumatlar yayılıb və bunu guya Azərbaycan tərəfinin İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda qəsdən etdiyi vurğulanıb”, – DGK Komitəsinin yaydığı məlumatda deyilir.

DGK Komitəsinin mətbuat xidmətinin rəisi sərhəddəki “bütün problemlərin qarşı tərəfdə olduğunu” bildirib.

“Bizim tərəfdə heç bir problem yoxdur. Astara gömrük-sərhəd keçid məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir”, – Natiq Axundov BBC News Azərbaycancaya deyib.

DGK-nın saytında verilən məlumata görə, oktyabrın 15-dən 16-na qədər, 10 saat ərzində İran tərəfində kompüter sistemində nasazlıq yaranıb və bu müddət ərzində avtomobillərin keçidi təmin olunmayıb.

Ötən gün İran-Rusiya Birgə Ticarət Palatasının direktorlar şurasının üzvü İran-Azərbaycan sərhədində yaranan vəziyyətə görə, Rusiyaya yollanan yük maşınların yığılıb qaldığını deyib.

Seyid Cəlalifərin sözlərinə görə, Azərbaycan tərəfi sərhədin bağlı olduğunu deməsə də, qəsdən yol verilən ləngimələri müxtəlif bəhanələrlə əsaslandırır, İran mediası bildirir.

İran tərəfində yük maşınların növbələrinin 10 km çatdığı bildirilir.

Natiq Axundov BBC News Azərbaycancaya müsahibəsində bildirib ki, yaşanmış problem “bu günə də təsir edən amildir”

“10 saat avtomobilin keçməməsi bu müddət ərzində onların sərhəddə yığılması deməkdir”, o əlavə edib.

Bundan başqa, Azərbaycan tərəfinin bildirdiyinə görə, İranın Astara şəhərindəki meyvə-tərəvəz anbarlarında yükləmə-boşaltma əməliyyatları zamanı yaranmış uzun növbələr də sıxlığın yaranmasına səbəb olub.

“İran tərəfindəki problemlərdən qaynaqlanan sıxlıqda Azərbaycanı günahlandırmaq və buna siyasi don geyindirmək yolverilməzdir və təəssüf doğurur”, – DGK bildirib.

DGK İrandan Azərbaycana “son 10 gündə əvvəlki günlərlə müqayisədə daha çox yük nəqliyyat vasitəsinin keçidinin təmin olunduğu” bildirib.

İran və Azərbaycan arasında münasibətlər Azərbaycanın Ermənistandakı Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsində iranlı sürücülərdən gömrük rüsumu almasından sonra kəskinləşib.

Narazılıq İranın Azərbaycanla sərhəddə hərbi təlimlərə başlamasından və bunu bölgədə “sionist təhlükəsi” olması ilə izah etməsindən sonra daha da dərinləşib.

Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağladığını deyib. İran və Ermənistan ittihamları rədd edirlər.

MənbəBBC
Son xəbərlər
Digər xəbərlər