2025-ci ilin ilk 10 ayında Azərbaycan pambığının ümumi ixrac həcmi təxminən 96.28 min ton, ixrac dəyəri isə 141.34 milyon dollar təşkil edib.
Banker.az xəbər verir ki, bu 2024-cü ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 106.45 min ton və 160.42 milyon dollar idi. Beləliklə, ümumi ixrac həcmi illik müqayisədə təxminən 9.55%, ixrac dəyəri isə 11.89% azalıb.
Bu il pambığı xaricə satan “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin ixrac həcmi 33.3 mln. dollar olmaqla öncəki 46.7 mln. dollardan aşağıdır. “Prime Cotton” MMC isə ilk10 ayda təqribən 95.2 mln. dollarlıq məhsul satıb (öncəki ildə 87.3 mln. dollar idi).
Əsas ixrac bazarı Türkiyəyə ixrac təxminən 91.82 min ton və 133.70 milyon dollar olub. 2024-cü ildə isə bu ölkəyə ixrac 91.46 min ton və 133.61 milyon dollar səviyyəsində idi. Demək olar ki, sabit qalıb.
Türkmənistan istiqamətində kəskin azalma qeydə alınıb. 2025-ci ildə bu Mərkəzi Asiya ölkəsinə ixrac təxminən 1.99 min ton və 3.94 milyon dollar təşkil edib. 2024-cü ildə isə göstəricilər 10.26 min ton və 19.89 milyon dollar idi. İllik müqayisədə ixrac həcmi 80.60%, ixrac dəyəri isə 80.19% azalıb.
Rusiya üzrə ixrac 2025-ci ildə 1.26 min ton və 1.86 milyon dollar olub. 2024-cü ildə isə Rusiyaya ixrac cəmi 0.02 min ton və 0.03 milyon dollar təşkil edirdi.
İran İslam Respublikası istiqamətində ixrac 2025-ci ildə 1.11 min ton və 1.71 milyon dollar olub. 2024-cü ildə bu göstəricilər 2.67 min ton və 3.74 milyon dollar idi. Nəticədə İrana ixrac həcmi illik müqayisədə 58.43%, ixrac dəyəri isə 54.28% azalıb.
Banqladeş bu il Azərbaycandan pambıq liflərini almır. Lakin əvvəlki dövrdə təxminən 2.04 min ton və 3.15 milyon dollar həcmində ixrac qeydə alınmışdı. Əvəzində 2025-ci ildə yeni bazar kimi Bolqarıstan çıxış edib və bu ölkəyə ixrac 0.10 min ton və 0.14 milyon dollar səviyyəsində olub.








