Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Nəsrulla Abbasovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Bu barədə vəkil Anar Qasımlı məlumat yayıb.
O qeyd edib ki, məhkəmə hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi görmədiyi üçün N. Abbasova bəraət verib. O, məhkəmə iclas zalından azadlığa buraxılıb.
İttihama görə, Nəsrulla Abbasov İrandan Azərbaycana 500 kilo 635 qram narkotik vasitə keçirmək istəyən zaman yaxalanıb. O, gətirdiyi nakotik vasitəni Polşaya göndərməli imiş.
İstintaq orqanı tərəfindən Nəsrulla Abbasovun barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib.