14 C
Baku
Thursday, April 25, 2024

İraq Mərkəzi Bankından milyardlarla dollar hara daşınır?

İraqda vəziyyət ciddiləşib.

Üç gündür davam edən etiraz aksiyalarında ölənlərin sayı 30-u ötüb. Ötən gün (3 oktyabr) İraq Mərkəzi Bankının Bağdaddakı baş ofisindən milyardlarla dollar nağd pul kürd bölgəsinin inzibati mərkəzi Ərbilə aparılıb, çünki etirazçılar “Yaşıl zona”, Bağdad hava limanı kimi yaxşı qorunan yerlərə də daxil ola biliblər.

İŞİD-ə qarşı mübarizədə ad çıxarmış hərbi komandan Əbdülvahab əl-Səidinin vəzifədən uzaqlaşdırılması oktyabrın 1-də etiraz aksiyalarının başlaması üçün qığılcım rolunu oynayıb. Bağdadda və cənub şəhərlərində küçələrə çıxan insanlar ölkədəki korrupsiya və rüşvətxorluğa, işsizliyə, su və elektrik enerjisi ilə təminat sahəsindəki problemlərə etiraz səsini ucaldıb. Düz bir il əvvəl də Bəsrədə eyni tələblərlə əhali küçələrə çıxmış və İran Konsulluğunun binasına, şiə partiyalarının yerli ofislərinə od vurmuşdu. (Baxmayaraq ki, Bəsrədə şiələr çoxludadır.) Bu dəfə də hədəfdə İrandır, çünki son illər Tehran rejiminin İraq üzərində təsiri ciddi şəkildə gücləndiyi üçün insanlar ölkənin düşdüyü vəziyyətə görə Adil Əbdülmehdi hökuməti ilə yanaşı, İranı da günahkar bilirlər. Korrupsioner vəzifəlilərin bir çoxunun adı İranla assosiasiya olunur. Bu gün hökumətin 1000 nəfər dövlət məmurunu işdən uzaqlaşdırması çox gecikmiş qərardır.

Etirazları hansısa siyasi partiya, məzhəb qrupu təşkil etməyib, insanlar – əsasən gənclər sosial media vasitəsilə özləri təşkilatlanıblar. Bu səbəblə hökumət “Facebook”, “Twitter”, “WhatsApp” və “Instagram”ı bloklayıb, amma bunun ciddi effekti yoxdur.

İran ABŞ-ın zəif damarını tutub

Nə qədər doğrudur bilmirəm, amma “Twitter”də iraqlılar aksiyalara qarşı güc tətbiq edən, atəş açan qüvvələrin İrana bağlı qruplar olduğunu yazırlar. İranın son aylar xeyli aqressivləşməsi və rahat hərəkət etməsinin əsas səbəbi budur ki, onlar Trampı bir neçə hadisədə test etdilər və hazırkı ABŞ prezidentinin “guruldayan, amma yağmayan” biri olduğunu yəqinləşdirdilər. Məsələn, Səudiyyə Ərəbistanı neft obyektlərinin dronlar və raketlərlə vurulması təkcə bu ölkəyə deyil, bütün dünyaya meydan oxumaq idi, çünki birbaşa dünyanın enerji təchizatını əngəlləməyə yönəlmişdi. Bu hadisənin arxasındakı İrana qarşı cavab zərbəsi tamamilə legitim akt olacaqdı, lakin Trampdan səs çıxmadı, çünki qarşıda seçki var. ABŞ-dakı seçkilərə qədər Tramp xarici siyasətdə hər hansı radikal addım atmaq istəmir: əvvəla, İranı vurmaq bu ölkə ilə böyük müharibəyə səbəb ola bilər, bu isə milyardlarla dollar pul, maliyyə bazarlarında təlatüm deməkdir. İkincisi, müharibə neftin qiymətini ciddi şəkildə yüksəldəcək, bu isə ABŞ daxili bazarında benzinin bahalaşması, bunun nəticəsində əhalinin hökumətdən narazılığının artması ilə nəticələnəcək. İran bunları çox yaxşı bilir və Trampın zəif damarını tutub.

Hadisələrdə ABŞ, İsrail və Səudiyyə barmağı varmı, bəlli deyil, lakin bu ölkələrin İraqda İranın təsirinin zəifləməsində maraqlı olduqları sirr deyil. İraq İranın bölgədəki ekspansiyası üçün kilid rola sahib olan strateji məntəqədir. İran Suriyaya və oradan Livana İraq üzərindən çıxır. Səudiyyə Ərəbistanını çevrələmə strategiyası baxımından da İraqın önəmi böyükdür: krallıq həm şimaldan (İraq), həm cənubdan (Yəmən) İranın qısqacındadır, bundan əlavə, İran şərqdə Hörmüz boğazını, qərbdə husilər vasitəsilə Bab əl-Məndəb boğazını təhdid altında saxlayır və hər iki boğazı bağlayıb, regional düşmənini boğmaq imkanı var. Ona görə də istər İsrailin, istərsə də Səudiyyə Ərəbistanının təhlükəsizliyi baxımından İranın İraqdan çıxarılması zəruridir, amma bu 2 ölkənin böyük müttəfiqi daxili və xarici siyasətində xaos yaşayır.

Müəllif:
Şahin Cəfərli
Siyasi şərhçi.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər