Gürcüstan Azərbaycandan elektrik enerjisi alışlarını kəskin azaldıb – Bəs kimlərdən alır?

Azərbaycanın xaricə elektrik enerjisi satışları 79% azalıb və həcm 2026-cı ilin ilk üç ayında 96.77 mln. kVT-saata düşüb.

Banker.az bunu Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilmiş elektrik enerjisinin dəyəri 5  milyon 97.94 min ABŞ dollarıdır.

Əldə etdiyi məlumata əsasən isə ixracın düşməsinə əsas səbəb Gürcüstandır. Təkcə 2025-ci ilin ilk iki ayında 273.57 mln. kVt-saat elektrik enerjisi alan Gürcüstan bu il Azərbaycandan alışları 83% azaldaraq 45.2 mln. kVt-saata endirib. Bu da son bir ildə Gürcüstana elektrik satışlarının dəyərinin müvafiq olaraq 15.57 mln. dollardan 2.58 mln. dollara düşməsi deməkdir.

Gürcüstanın Azərbaycandan elektrik enerjinin azaltması yerli elektrik stansiyalarının istehsalında da özünü göstərir. Belə ki, son illərdə az rast gəlinən – elektrik enerjisində 3.5 faiz azalma qeydə alınıb. 2025-ci ilin birinci rübündəki 424,6 mln. kVt-saat istehsal 426,7 mln. kVt-saata düşüb.

Azərbaycanda əsas istehsalçı “Azərenerji”dir. Dövlət tərəfindən təqdim edilən “İxrac icmalı”nda bu şirkətin adı yer almayıb. Adətən bu siyahıda ən iri ixrac şirkətlər qeyd olunurdu.

GÜRCÜSTAN ELEKTRİKİ KİMDƏN ALIR?

Gürcüstan Azərbaycandan idxalı azaltsa da, ümumilikdə ölkənin idxalı keçən illə müqayisədə yuxarıdır. Məsələn, Gürcüstan Statistika İdarəsi bildirir ki, 2026-cı ilin ilk iki ayında Gürcüstanda elektrik enerjisi idxalı kəskin artaraq ölkənin ən çox idxal olunan 10 məhsulu sırasına daxil olub. Yanvar–fevral aylarında idxal üçün 29.8 mln. dollar xərclənib ki, bu da illik müqayisədə 50.5% çoxdur. Hətta elektrik enerjisi bu dövrdə ümumi idxalın 1.2%-ni təşkil edib.

Rusiya 10.6 mln. dollar, Türkiyə 10.2 mln. dollar həcmində elektrik enerjisi tədarük edib. Daha kiçik həcmlər isə Azərbaycandan 5 mln. dollar və Ermənistandan 4 mln. dollar olub.

İllik artım xüsusilə Türkiyə üzrə diqqət çəkir. 2025-ci ilin eyni dövründə Gürcüstan Türkiyədən elektrik idxal etməmişdi, Rusiyadan idxal isə cəmi 399 200 dollar təşkil etmişdi.

 

Son xəbərlər
Digər xəbərlər