Azərbaycanda iri daşınmaz əmlaka – biznes və yaşayış komplekslərinin menecmentini aparan şirkət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “icarə haqqına” görə məhkəməyə verib.
Banker.az xəbər verir ki, iddiaçı qismində çıxış edən “Facility Management Group” MMC Dövlət Əmək Müfəttişliyi ilə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisəyə görə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
İşin mahiyyəti icarə müqaviləsi üzrə mübahisələrdir.
“Facility Management Group” – ofis və yaşayış binası, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən aparıcı şirkətdir.
Şirkətin vizyonu Azərbaycanın “bir nömrəli daşınmaz əmlak şirkəti” olmaqdır.
Onun portfelinə “Zefir Mall”, “BEGOC Biznes Mərkəzi”, “Çinar Plaza”, “Sahil Plaza”, “Dalğa Plaza”, “Bayıl Plaza”, “Hillside Residence”, “Rosevelle Residence”, “Vurğun Residence”, “Xəzri Residence”, “Təbriz evləri”, “Ambassador Suites”, “Molakan Palace Biznes Mərkəzi”, “Grandezza” və “Motor Village” daxildir.