Sirr deyil ki, rahat iş şəraiti əmək qabiliyyətini artırır. Şəxsin işlədiyi məkanı ona ilham verəcək şəkildə formalaşdırması vacib haldır. Ofisin optimal şəkildə qurulması üçün bir neçə məsləhət sizin də köməyinizə gələ bilər:
Mebel
Ofis mebelinin bütün boş yerləri tutmaması və darısqallıq yaratmaması vacib haldır. Burada iki cəhəti nəzərə almaq lazımdır: vaciblik və harmoniya. Əgər ehtiyac yoxdursa ofisi gərəksiz şkaflar, rəflər, stol və stullarla daha da darısqal etməyə gərək yoxdur.
Həmçinin psixoloqlar kompüter masalarını bir-birinə əks deyil, diaqonal olaraq qoyulmalıdır. Bu zaman əməkdaşlar tək kompüterin monitorunu deyil, həmçinin öz əməkdaşlarının üzlərini də görə bilsinlər. Bu zaman stollar arasından rahat keçidi və mebelin təhlükəsizliyi də nəzərə almaq lazımdır. İti uclar və kənarlar potensial olaraq travma yarada bilər.
Bitkilər
Güllər və bitkilər hər zaman rahatlıq gətirir. Ofisdə də bitkilər buna xidmət edə bilər. Ofisdə daha çox sarmaşıq, ehmeya və kaktus kimi bitkilərin saxlanılması məsləhətdir.
Rəng çaları
Rənglərin insan əhval-ruhiyyəsinə təsir etməsi artıq hamıya çoxdan məlumdur. Hətta tibbdə rəng terapiyasından istifadə edirlər. Ofisin dizaynı zamanı çox parlaq rənglərdən qaçmaq lazımdır. belə ki, belə rənglər gözün qişasını qıcıqlandıraraq yorğunluq və gərginliyə gətirib çıxarır. Buna görə də psixoloqlar neytral rəng çalarlarından istifadə etməyi məsləhət görürlər. Əgər kollektiv əsasən gənclərdən ibarətdirsə metal rəngin müxtəlif çalarlarından istifadə etmək olar.
İşıqlandırma
Ofisdə işığın həddindən artıq gur olması qıcıqlanmaya, zəif olması isə yorğunluğa və görmənin zəifləməsinə səbəb olur. Alimlər sübut etmişlər ki, zəif işıqlandırılma tənəffüs sisteminə də təsir göstərir. Bu problemin həlli olaraq LED lampalardan istifadə etmək məsləhət görülür.