İcbari Sığorta Bürosunun (İSB) Himayəçilər Şurasına (HŞ) növbəti 5 il müddətinə sədr və sədr müavini seçilib. Bu barədə “Report”a İSB-dən bildirilib.
Məlumata görə, sədr vəzifəsinə “AXA-Mbask” Sığorta Şirkəti ASC-nin İdarə Heyəti (İH) sədrinin birinci müavini Lana Çingizovna Gözəlova, sədr müavini vəzifəsinə isə “Atəşgah Sığorta” ASC-nin İH-nin sədri Tələt Abbasqulu oğlu Səfərov təsdiqlənib.
HŞ-nin üzvləri isə “PAŞA Sığorta” ASC-nin İH-nin sədri Ülviyyə Cabbarova, Maliyyə Bazarlarına Nəzarət Palatası Hüquq və icraat Departamentinin Hüquqi təminat İdarəsinin rəisi Nurlan Babayev, Strateji xidmətlər Departamentinin Strateji təhlil və risklərin idarəedilməsi İdarəsinin böyük analitiki Orxan İsmayılov, eləcə də əvvəlki qaydada İSB-nin icraçı direktoru Elxan Quliyev, daxili auditoru Aynur Bayramlıdır.
HŞ-nin yeni üzvləri Ədliyyə Nazirliyində təsdiq edilərək dövlət reyestrinə daxil edilib.
Xatırladaq ki, İSB 2011-ci ildə yaradılıb. Hazırda onun iştirakçısı olan sığorta şirkətlərinin sayı 16-dır.