İşçilərin məzuniyyət dövründə aldıqları əməkhaqqının hesablanması ilə bağlı qaydalar yenilənir.
Yeni yanaşmaya əsasən, əməkdaşın məzuniyyətdə olduğu müddətdə ona ödənilən məvacib sonuncu aldığı əməkhaqqından aşağı ola bilməz. Bununla bağlı Əmək Məcəlləsində müvafiq dəqiqləşdirmələr aparılır.
Əmək Məcəlləsinin 177-ci maddəsinin ikinci və üçüncü hissələrinə edilən dəyişikliklərdə bir günlük əməkhaqqının müəyyənləşdirilməsi zamanı daha obyektiv və humanist yanaşmanın tətbiq olunacağı bildirilir. Bəzi hallarda işçinin iradəsindən asılı olmadan yaranan boşdayanma səbəbləri əməkhaqqının azalmasına yol açırdı. Yenilənmiş mexanizm isə belə vəziyyətlərdə işçinin real və ədalətli məvacib almasını təmin edəcək.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, əmək funksiyasının daimi xarakter daşıdığı hallarda işçi ilə əmək müqaviləsi əsasən müddətsiz bağlanmalıdır:
“Hazırkı Məcəllədə mövcud olan bəzi istisnalar işəgötürənlər tərəfindən sui-istifadə hallarına şərait yaradır. “Qismən ödənişli və ya ödənişsiz məzuniyyətdən qayıdan işçilərin orta əməkhaqqının düzgün hesablanması vacib məsələdir. Yeni dəyişikliklərə əsasən, işçinin özündən asılı olmayan ödənişsiz məzuniyyət günləri, boşdayanma dövrləri və qismən ödənişsiz sosial məzuniyyət müddətləri artıq orta əməkhaqqının hesablanmasına daxil edilməyəcək”.
Qeyd edək ki, distant işlə bağlı məsuliyyət məsələsinə də aydınlıq gətirilib. Yeniliyə görə, işəgötürən məsafədən yerinə yetirilən əmək fəaliyyəti zamanı yalnız özünün təqdim etdiyi avadanlıq, proqram təminatı və məlumatların təhlükəsiz istifadəsi üçün yazılı qaydaları işçiyə təqdim etməklə məsuliyyəti üzərinə götürür.
Məcəlləyə təklif edilən ən mühüm dəyişikliklərdən biri isə məzuniyyət günlərinin artırılması ilə bağlıdır. Yeni layihə ilə 46 təqvim günündən az olmayan məzuniyyət hüququ daha geniş və dəqiq şəkildə təsbit edilir. Xüsusilə Qarabağ döyüşlərində iştirak etmiş və müharibə veteranı statusu olan şəxslər üçün məzuniyyət müddəti artıq əvvəlki kimi 21–30 gün deyil, minimum 46 gün olacaq.







