Yeni tip koronavirusun (COVİD-19) sürətlə yayılmasına görə yaranmış narahatlıqla əlaqədar avstriyalı turistlərin İsrailə səyahət etməsi qadağan olunub.
Qadağan tətbiq olunan ölkələr sırasında Fransa, Almaniya, İsveçrə və İspaniya da yer alır. İsrailin Xarici İşlər Nazirliyi qadağanın nə vaxta qədər qüvvədə olacağı barədə açıqlama verməyib. Məlumatı Azərtacın müxbiri yayır.
Xaricdəki səfərdən İsrailə geri dönənlər də istisnasız olaraq ev şəraitində iki həftəlik karantində qalmalıdırlar. Bu vəziyyət İsrailin futbol üzrə milli komandası üçün müəyyən çətinliklər yaradıb. İsrail Futbol Federasiyasının idman direktoru Villibald Ruttenştayner və milli komandanın baş məşqçisi Andreas Hersoq (hər ikisi avstriyalıdır) ötən həftə Fransa və Hollandiyada səfərdə olublar. Martın 26-da İsrail yığması “Avro-2020“nin pley-off mərhələsində səfərdə Şotlandiya millisi ilə qarşılaşmalıdır. İdman direktoru və baş məşqçisiz milli komandanın bu mühüm qarşılaşmada vəziyyəti ürəkaçan olmaya bilər və hər iki şəxsin ev karantinini öhdəliyindən azad edilməsi məsələsinə baxılacaq.