Ermənistan hökuməti ölkə üçün sülh şəraitində inkişaf dövrünü təmin etməlidir, Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Ermənistan parlamentinin növbədənkənar iclasında bəyan edib.
Banker.az bu barədə BBC-yə istinadən xəbər verir.
“Xalqımız üçün ən mühüm məsələ bu dinc inkişaf dövrünün açılmasıdır. Biz bu yolla getməliyik. Bunun tək bizdən asılı olmadığına dair xəyala dalmağa dəyməz. Xalq biməlidir ki, biz onu hara aparmaq istəyirik,” – Paşinyan deyib.
O bu gün belə bir imkan olduğunu görür, deyir ki, sadəcə siyasi iradə göstərmək və danışmaqdansa, hərəkət eləmək, məsələlərin həllinə keçmək lazımdır.
“Bəli, biz Qarabağ məsələsini nizamlamalıyıq,” – deyə Paşinyan beynəlxalq “oyunçular tərəfindən” problemin həll olunmamış qaldığını qeyd etdiklərini xatırladıb. Onun sözlərinə görə, problemin hansı prinsiplər əsasında və necə həll ediləcəyi müzakirə olunmalıdır.
Paşinyan “Avropa Parlamenti tərəfindən əsirlərin qaytarılması haqqında qətnamə qəbul olunduğunu və nizamlanma kontekstində xalqların öz müqəddəratını müəyyən etmək prinsipinin göstərilməsi faktının” vacibliyini qeyd edib.
Onun sözlərinə görə, sülh şəraitində inkişaf dövrü dialoq və kommunikasiyaların açılmasını nəzərdə tutur.
Ermənistan Rusiya və İranla dəmiryol əlaqəsini yaratmaq istəyir.
“Necə təsəvvür edirik ki, biz Azərbaycan ərazisindən keçək, onlar isə bizim ərazimizdən keçməsin? Onlar keçməsə, biz də keçməyəcəyik. Bu o demək olar ki, biz özümüz öz ölkəmizin təcrid olunması siyasətini yeridirik,” – Nikol Paşinyan deyib.
Azərbaycan-Ermənistan arasında sentyabrın 27-də başlamış və noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə bitmiş müharibə nəticəsində Azərbaycan 30 ilə yaxın işğal altında olan ərazisinin böyük hisssəsini azad edib. Azərbaycan, Ermənistan və Rusiya arasında razılaşdırılmış 10 noyabr bəyanatına görə tərəflər regionda kommunikasiya xətlərini bərpa etməlidirlər.
Son günlər Azərbaycan-Ermənistan arasında Naxçıvanla Azərbaycanı quru yolla birləşdirəcək Zəngəzur dəhlizinin açılması ilə bağlı qarşılıqlı narazılıqlar yaşanır. Azərbaycan rəhbərliyi bu dəhlizin açılacağını, Ermənistan rəhbərliyi hər hansı dəhlizdən söhbət getmədiyini deyir.
Ötən həftələrdə regiona səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda olarkən bildirmişdi ki, Baş nazir müavinləri səviyyəsində işçi qrup komunikasiyaların bərpası üzərində “məhsuldar çalışır” və yaxın gələcəkdə bu işin ilk nəticəsini görə biləcəklər.