“Rektor vəzifəsindən istefa verəcəyimi sözlə demişdim, amma ərizə yazmamışdım. Sonra kollektiv mənim getməməyim üçün müraciət etdi. Qərara gəldim ki, rektor kimi fəaliyyətimi davam etdirim”.
Bunu açıqlamasında Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının 92 yaşlı rektoru Ömər Eldarov deyib.
Rektor istefa verməməyinin səbəbini yerinə təyin olunacaq şəxslərin Akademiyanı dəyişə biləcəyi ilə əlaqələndirib:
“Mən gedə bilərdim. Lakin buranın yaranışına necə başlamışıqsa, elə də davam etməsini istəyərdim. Sonra gördüm ki, yerimə gələcək insanlar buranı dəyişəcəklər. Ona görə də getməməyi qərara aldım. Yeni rəhbərin gəlib qurduğumuz işi apara bilməməsindən narahat idim. Mənim yerimə göstərilən namizədlərlə danışanda onların məni əvəzləyə biləcək insanlar olmadığını gördüm. Hər şeyi başqa cür edən insanlardır. Bu isə məni qane etmədi. Buna görə də kollektiv mənim qalmağımı istədi”.
Ö.Eldarov öz yerinə prorektorlardan kiminsə təyin olunmasını istədiyini qeyd edib: “Rektorluqdan getməyim barədə ərizə verməmişdən öncə müvafiq instansiyaya müraciət etmişdim. Onlara demişdim ki, yarı gün Akademiyaya, yarı gün elmalatxanaya getmək istəmirəm. Son illərimi yaradıcılığa həsr etməyi düşünürəm. Mənə dedilər ki, gedə bilərsiniz və biz sizin yerinizə cavan, enerjili gənclər təyin edərik. Bununla razılaşmadım. Dedim ki, hazırda Akademiyada mövcud olan rəhbərlikdən seçsinlər və işlərini davam etdirsinlər. Digərləri gəlsə, burada öz ambisiyasını göstərəcək. Bu isə bizə lazım deyil. Kollektiv yekdilliklə, hətta mənim vəzifəmdə olmaq istəyənlər də getməməyim üçün imza topladı və mən də hələlik getmirəm”.
Azvision