2015-ci ilin aprel ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,2 faiz ucuzlaşıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, aprel ayında ərzaq məhsullarının qiymətləri 0,5 % bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri 0,5%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,9 % ucuzlaşmışdır.
Qeyd edək ki, bazarda tələb və təklif həcminin azalması və bu əmtəələrin alınmasına vəsaitlərin həcminin aşağı düşməsi səbəbindən qiymətlərin enməsi deflyasiya adlanır.
Ay ərzində qarabaşaq yarmasının, balıq məhsullarının, toyuq ətinin, yumurtanın, qarğıdalı yağının, şəkər tozunun, göyərtinin, çuğundurun, kartofun qiymətlərində ucuzlaşma, düyünün, makaron məmulatlarının, mal və qoyun ətinin, kərə yağının, zeytun və günəbaxan yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, kələmin, kökün, soğanın, sarımsağın, spirtli içkilərin qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur.
Aprel ayında qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin qiymətləri ucuzlaşmışdır.
Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində ucuzlaşma, respublikadan kənara dəmiryolu sərnişindaşıma nəqliyyatı tariflərində isə bahalaşma müşahidə olunmuşdur.