İsveçrə və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təhlükəli patogenlərin və yeni virusların mübadiləsi üçün bank yaradacaqlar. Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Cenevrədə təşkil edilən mətbuat konfransında Daxili İşlər Nazirliyinin sağlamlıq məsələləri üzrə müşavir Alen Berse məlumat verib.
Onun sözlərinə görə, söhbət uzunmüddətli perspektivdə Covid-19 kimi təhlükəli patogenlərin və virusların saxlanması, mübadiləsi və tədqiq edilməsi üçün vahid sistemin yaradılmasından gedir.
Xatırladaq ki, bank Şpiç şəhərində yerləşəcək və patogenlərlə mübarizə üçün bioloji materialların təhlükəsiz istehsalı, sıralanması, saxlanması və digər işlərin həyata keçirilməsi üçün mərkəz rolunu oynayacaq.
“Bu anda şəffaflıq və açıqlıq hər kəsə fayda verəcək. Və yeni bir şey ortaya çıxsa, onu tez bir zamanda öyrənə biləcəyik. Bunun üçün özəl və dövlət qurumlarımız var”, – deyə Berse qeyd edib.
ÜST-nin bildirdiyi kimi, bankın tədqiq edəcəyi ilk virus SARS-CoV-2 olacaq. Pilot mərhələ uğurla başa çatdıqdan sonra digər patogenlər də öyrəniləcək. 2022-ci ildə dünyada laboratoriyalar şəbəkəsi yaradılacaq.