19 C
Baku
Şənbə, Oktyabr 23, 2021

İtaliya şirkətləri indiyədək Azərbaycanda 10 mlrd. dollar məbləğində podrat müqavilələri icra edib

Azərbaycanın energetika naziri, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Pərviz Şahbazov İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən “Banker.az”a verilən məlumata görə, P. Şahbazov qlobal pandemiya ilə əlaqədar belə mürəkkəb dövrdə İtaliyanın müxtəlif partiyalarını təmsil edən deputatlardan ibarət nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirdiyini qeyd edib.

Görüşdə həmçinin, enerji sektorunda əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişaf etməsində mühüm rol oynadığı qeyd edilib. Bu əməkdaşlıqda Cənub Qaz Dəhlizinin və onun mühüm komponenti olan Trans Adriatik Boru Kəmərinin xüsusi əhəmiyyəti vurğulanıb, dəhliz vasitəsi ilə cari ilin sonunda Azərbaycan qazının Avropaya nəqlinə başlanmasının nəzərdə tutulduğu diqqətə çatdırılıb. Həmçinin, qeyd edilib ki, Azərbaycan və İtaliya arasında yüksək səviyyəli əməkdaşlıq digər iqtisadi sahələri də əhatə edir və İtaliya şirkətləri indiyədək neft və qeyri-neft sahələrində 10 mlrd. ABŞ dolları məbləğində podrat müqavilələri icra edib.

Görüş zamanı, həmçinin, iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin sabit və uzunmüddətli inkişaf etdirilməsi məqsədilə yaradılmış Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələlərinə toxunulub. Ölkələr arasındakı münasibətlərin hərtərəfli inkişafında Azərbaycanın İtaliyadakı səfirinin və İtaliyanın Azərbaycandakı səfirinin fəaliyyətləri vurğulanıb.

Son xəbərlər
Oxşar xəbərlər