-1 C
Baku
Sunday, December 15, 2024

İtaliyada təhsil və nəqliyyat sahələrində də vaksin sertifikatı tələb olunacaq

Sentyabrın 1-dən İtaliyada orta və ali təhsil müəssisələrində də “Yaşıl keçid kartı” (“Green pass” və ya vaksin sertifikatı) tələb edilir.

Yeni dərs ili ərəfəsində İtaliyada koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı məktəblər və universitetlərdə tətbiq ediləcək qaydalar açıqlanıb. Belə ki, ümumtəhsil müəssisələrinə virusa qarşı peyvənd olunduğuna dair sənədi, eləcə də COVID testinin nəticəsi mənfi olan və ya virusdan sağalan şəxslər buraxılacaq. Qaydalara riayət etməyənlərin əməkhaqları tutulacaq, onlar hətta işdən çıxarıla da bilərlər.

Həmçinin bu gündən “Green pass” nəqliyyat sahəsini də əhatə edəcək. Belə ki, yerli və beynəlxalq aviareyslərdə, bölgələrarası gəmilər və bərələrdə (Messina Boğazındakı bərə xidmətləri istisna olmaqla), şəhərlərarası və yüksəksürətli qatarlarda, ikidən çox bölgədən keçən uzun məsafəli və çarter avtobus reyslərində vaksin sertifikatı tələb ediləcək. “Green pass” ictimai nəqliyyat şəbəkələrində – avtobus, tramvay, metro və regional qatarlarda isə məcburi olmayacaq.

Xatırladaq ki, İtaliya hökuməti COVID-19-a yoluxma sayındakı artımın və “delta” ştamının yayılmasının qarşısının alınması, eləcə də vaksinasiya prosesinin sürətləndirilməsi məqsədilə sərtləşdirilmiş qaydaları və peyvənd olunmayanlar üçün ciddi məhdudiyyətləri tətbiq edib. Belə ki, qaydalara əsasən, muzeylər, kinoteatrlar, idman zalları, restoranlar və barlar kimi müxtəlif mədəniyyət və əyləncə məkanlarında vaksin sertifikatı tələb edilir. “Green pass” insanların peyvənd edildiyini, COVID-19-a qarşı testin nəticəsinin mənfi olduğunu və ya virusdan sağaldığını göstərir və 12 yaşdan kiçik uşaqlara şamil edilmir. Qaydalara əməl etməyən məkanların və müştərilərin 400-1000 avro arasında cərimə olunacağı, qaydaları təkrar pozan iş yerlərinin 10 günədək bağlanma riski ilə üzləşəcəyi bildirilir.

Xatırladaq ki, Baş nazir Mario Draqi və səhiyyə naziri Roberto Speranzanın təklifi ilə İtaliyada xüsusi karantin rejiminin müddəti 2021-ci il dekabrın 31-dək uzadılıb.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər