10 C
Baku
Friday, December 13, 2024

İxracda avqustda karbamid 1-ci, qızıl 2-ci, şaftalı 3-cü olub

“İxrac icmalı”nın sentyabr sayına əsasən, 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanın ümumi ixracı 26,2 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,9 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin ilk səkkiz ayı ilə müqayisədə 19% artıb.

2022-ci ilin yanvar – avqust ayları ərzində kimya sənayesi məhsullarının ixracı 3 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 66%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 21,1% artıb.

Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 537,8 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-avqust ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93,2%-i təşkil edib. 2022-ci ilin müvafiq dövrü ərzində meyvə və qoz-fındığın ixracı 25,1% artaraq 227,7 milyon ABŞ dolları, tərəvəz ixracı isə 180,5 milyon ABŞ dolları təşkil edib. Aqrar məhsullar strukturunda 3,4%-lik paya malik tütün və tütünün sənaye əvəzediciləri ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artaraq 15 milyon ABŞ dolları təşkil edib.

Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% artıb. Aqrar-sənaye məhsullarının strukturunda 8,6%-lik paya malik çay ixracı 53,9% artaraq 8,5 milyon ABŞ dolları təşkil edib. Habelə, sözügedən sənaye məhsullarının hərəkətverici qüvvəsi hesab edilən bitki və heyvan mənşəli piylər və yağlar 8,4% artaraq 20,9 milyon ABŞ dolları səviyyəsinə çatıb.

2022-ci ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında  pambıq mahlıcı (143,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (142,2 milyon ABŞ dolları) ikinci, tomat (pomidor) (134,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2022-ci ilin yanvar-avqust ayları ərzində Rusiya Federasiyasına 527,6 milyon ABŞ dolları, Türkiyəyə 491,1 milyon ABŞ dolları, Gürcüstana 126,9 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 117,7 milyon ABŞ dolları və ABŞ-a isə 60,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2022-ci ilin avqust ayı üzrə ixrac 3,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 204 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin avqust  ayı ərzində yeyinti məhsulları üzrə ixrac 21,5% artaraq 46,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 157,4 milyon ABŞ dolları təşkil edib.

2022-ci ilin avqust ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (65,5 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (28,9 milyon ABŞ dolları) ikinci və Gürcüstan (19,3 milyon ABŞ dolları) üçüncü  olub.

2022-ci ilin avqust ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (20,3 milyon ABŞ dolları) birinci, qızıl (16,1 milyon ABŞ dolları) ikinci və şaftalı (12,3 milyon ABŞ dolları) üçüncü olub.

Son xəbərlər
Digər xəbərlər