14 C
Baku
Wednesday, November 12, 2025

“JPMorgan”: 2026-cı ilin sonuna qədər qızılın qiyməti 5200–5300 dollara çata bilər

2026-cı ilin sonuna qədər qızılın qiyməti bir unsiya üçün 5200–5300 ABŞ dollarına (indiki səviyyədən təxminən +25% çox) çata bilər. Bu barədə “Bloomberg”ə müsahibəsində “J.P. Morgan Private Bank”ın makrostrateji şöbəsinin rəhbəri Aleks Vulf məlumat verib. Onun fikrincə, artımın əsas səbəbi inkişaf etməkdə olan ölkələrin mərkəzi banklarının qızıl alışları olacaq.

Ekspertin sözlərinə görə, qızıl hələ də bir çox mərkəzi bankların, xüsusilə də inkişaf etməkdə olan ölkələrin ehtiyatlarında nisbətən az pay tutur. Buna görə də bu ölkələr qiymətlərin artmasına baxmayaraq, qızıl alışı davam etdirəcəklər, amma alış həcmləri bir qədər azalacaq.

A.Vulf hesab edir ki, bir çox inkişaf etməkdə olan ölkələrin büdcəsində profisit (artıq vəsait) var və bu vəsaitlər həm dollarla ifadə olunan aktivlərə, həm də qızıla yönəldiləcək.

“World Gold Council”ın (WGC) məlumatına görə, bu ilin ilk doqquz ayında dünya mərkəzi bankları ehtiyatlarına 634 ton qızıl əlavə edib. Bu, son üç ilin göstəricilərindən az olsa da, 2022-ci ildən əvvəlki illərin orta səviyyəsindən xeyli çoxdur.

WGC-nin qiymətləndirməsinə əsasən, cari ilin sonunda dünya üzrə mərkəzi bankların ehtiyatlarına 750–900 ton qızıl əlavə ediləcək.

Son xəbərlər
Digər xəbərlər