“JPMorgan” institusional müştərilər üçün nəzərdə tutulmuş “JPM Coin” (JPMD) adlı yeni tokenin mərhələli şəkildə istifadə verməyə başladığını elan edib. Bu token rəqəmsallaşdırılmış dollar depozitlərini təmsil edir və “Coinbase”birjasının dəstəklədiyi “Base” adlı ictimai blokçeyn şəbəkəsi üzərindən vəsait köçürməyə imkan verir. Əməliyyatlar bir neçə saniyə ərzində tamamlanır və 24/7 rejimində əlçatandır.
Sınaq əməliyyatlarında artıq “Mastercard”, “Coinbase” və marketmeyker “B2C2” iştirak edib. Gələcəkdə “JPMorgan” tokenə korporativ müştərilərinin müştəriləri üçün də çıxış verməyi və digər valyutalarda versiyalar buraxmağı planlaşdırır. Bunun üçün tənzimləyici orqanların təsdiqi tələb olunacaq.
Depozit tokenləri banklar tərəfindən buraxılır və onların arxasında hesablarda yerləşdirilmiş real vəsaitlər dayanır. Steyblkoinlərdən fərqli olaraq, bu tokenlər sahiblərinə gəlir gətirə bilər.
“JPMorgan” təsdiqləyib ki, “JPM Coin” “Coinbase” birjasında girov kimi qəbul ediləcək.







