“JPMorgan Chase” Brent markalı neftin qiyməti ilə bağlı növbəti altı rüb üçün proqnozlarını aşağı salıb. Bank hesab edir ki, Yaxın Şərqdəki müharibənin nəticəsi olan tələbin zəifləməsi bazara neft ehtiyatlarının azalmasından daha güclü təsir göstərir.
Bankın analitikləri bildiriblər ki, kommersiya ehtiyatları azaldıqda adətən fiziki bazarda təklifin məhdudlaşması səbəbindən qiymətlər yüksəlir. Lakin bazarda tarazlıq tələbin zəifləməsi hesabına bərpa olunursa, qiymətlər əks istiqamətdə hərəkət edir.
“JPMorgan”ın yenilənmiş proqnozuna görə, Brent neftinin orta qiyməti 2026-cı ilin üçüncü rübündə bir barel üçün 86 dollar olacaq. Əvvəlki proqnoz 104 dollar idi. İlin son üç ayı üçün isə proqnoz 98 dollardan 80 dollara endirilib.
2027-ci il üzrə orta rüblük qiymət proqnozları müvafiq olaraq 71, 67, 60 və 56 dollar təşkil edir. Əvvəlki proqnozlar isə 68, 63, 60 və 55 dollar idi.
“JPMorgan”ın hesablamalarına əsasən, hazırda Hörmüz boğazından gündəlik təxminən 8,6 milyon barel neft daşınır. İyun ayı üzrə orta göstərici isə sutkada 6,3 milyon barel olub.
Bankın analitikləri hesab edirlər ki, 2027-ci ildə qlobal neft bazarında təklif əhəmiyyətli dərəcədə artacaq. Bu artım əsasən Venesuela, İran, Braziliya, Qayana, Argentina, Kanada və ABŞ tərəfindən təmin ediləcək.







