-3 C
Baku
Sunday, December 15, 2024

Kənd Təsərrüfatı naziri onlayn müşavirə keçirdi – FOTO

Kənd Təsərrüfatı Nazirliyində “Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr” mövzusunda onlayn müşavirə keçirilib.

Banker.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Onlayn müşavirədə kənd təsərrüfatı naziri İnam Kərimov, Nazirliyin Aparatı və tabeli qurumlarının əməkdaşları, Heyvandarlıq və Südçülük Assosiasiyalarının rəhbərləri, heyvandarlıq sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri və sahibkarlar iştirak edib.

Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Bildirilib ki, aqrar sahənin, o cümlədən heyvandarlığın inkişafı üçün dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir. Son illərdə dövlət başçısının verdiyi tapşırıqlar, “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər öz bəhrəsini verib.

Həyata keçirilən tədbirlər nəticəsində 2019-cu il ilə müqayisədə 2020-ci ildə heyvandarlıq məhsullarının istehsalında 3,1 faiz artım qeydə alınıb. Ötən il diri çəkidə ət istehsalı 3,1 faiz, süd istehsalı 1,9 faiz, yumurta 4,3 faiz, yun istehsalı 0,2 faiz artıb.

Müşavirədə ölkədə heyvandarlığın inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə, məhsuldarlığın artırılması üçün həyata keçiriləcək tədbirlərə toxunulub. Tədbirdə  ölkədə heyvandarlığın və örüş-otlaq ərazilərinin mövcud vəziyyəti ilə bağlı fikirlər bölüşülüb, bu istiqamətdə görülmüş işlərlə bağlı hesabatlar dinlənilib. Həmçinin, Ölkə Prezidenti tərəfindən verilən tapşırığa uyğun olaraq işğaldan azad olunmuş rayonlarda heyvandarlıq sahəsinin inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Tədbirdə heyvandarlıqda yem təminatı, innovativ yemləndirmənin əhəmiyyəti, heyvanların identikləşdirilməsi, qeydiyyatı və Elektron Məlumat Bazasının yaradılması, seleksiya-damazlıq işlərinin təşkili, heyvanların sığortalanması, ixtisaslaşmış ətlik iribuynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılmasının vacibliyi, yerli genofonda aid olan cinslərin saxlanması və artırılması üzrə kompleks tədbirlərin həyata keçirilməsi, heyvan xəstəliklərinin müalicə və profilaktikası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi bildirilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Untitled1

Son xəbərlər
Digər xəbərlər