18 C
Baku
Wednesday, April 24, 2024

Aqrar kreditləşmə: səmərəli maliyyələşdirmə hansı amillərdən asılıdır?  

Müəllif: Elman Sadıqov

Kənd təsərrüfatı sahəsində maliyyələşmə son dövrlər daha çox aktuallaşan və digər sahələrdən kəskin fərqlənən məsələdir. Əsas səbəbləri kənd təsərrüfatı sahəsinin spesifik, ağır, yüksək riskli, gəlir marjasının isə kiçik, nağd vəsait dövriyyəsinin də zəif olmasıdır. Bu səbəbləri artırmaq da olar. Lakin bu sahəni digər sahələrdən fərqləndirən cəhət budur ki, kənd təsərrüfatı sahəsinin özündə də sahələr risk, gəlir marjası, nağd vəsaitlərin dövriyyəsi baxımından çox fərqlənir. Kənd təsərrüfatı sahəsində heyvandarlıq və bitkiçilik sahələri kəskin fərqlənir. Lakin, heyvandarlıq sahəsinin özündə də südçülük və kökəltmə sahələri həm marja, həm risk, həm də nağd vəsaitlərin dövriyyəsi baxımından fərqli olduqları üçün kreditləşmə qrafiki, şərtləri və sair də fərqli olur. Bitkiçilikdə də yuxarıda qeyd etdiyim cəhətlərə görə bağçılıq tam fərqlidir, birillik bitkilərin əkinləri tam fərqli. Geniş mövzu olduğundan bu dəfə sırf bitkiçilik, əkinçilik sahəsində mövcud olan aktual məsələlərə, kreditləşmədə yaşanan çətinliklərə həm dünya təcrübəsini, həm ölkəmizdə bu sahədəki spesifik xüsusiyyətləri, həm də indiyə kimi yaşanan təcrübələri ümumiləşdirərək qısaca toxunmağa çalışacam.

Öncə bir suala cavab verməyə çalışaq: Banklar nə üçün kənd təsərrüfatı sahəsini aktiv kreditləşdirmirlər? Səbəbləri çoxdur. Birincisi, kənd təsərrüfatı sahəsi daha aşağı faizli kreditləşmə, fərqli yanaşma, yüksək güzəştlər, güzəştli qrafiklər tələb edir. Banklarda maliyyə resurslarının baha olması səbəbindən bankların güzəştli şərtlərlə kredit vermə imkanları çox məhduddur. İkincisi, spesifik yanaşma tələb etdiyi üçün banklar bu sahədə daha geniş bilik və təcrübəyə malik olmalı, mütəxəssislər maliyyəni bildikləri kimi kənd təsərrüfatı sahəsini də bilməlidirlər. Üçüncüsü, bank resurslarının böyük hissəsini hər hansı bir sahəyə yönəldə bilməz, çünki sektor riskinə məruz qala bilər. Kənd təsərrüfatı sahəsində isə risk yüksək olduğu üçün bu sahənin kredit portfelində payı nisbətən kiçik olur. Nəhayət, dördüncüsü budur ki, açıq səma altındakı zavod adlandırılan (təbii fəlakətlərin təsirinə birbaşa məruz qalır) bu sahədə yüksək riskləri maliyyə sektorunun öz üzərinə götürməsi gələcəkdə kənd təsərrüfatı sahəsində yaranacaq risk və böhranın birbaşa maliyyə sektoruna da yoluxub onu risk altına qoyması deməkdir. Bu halda isə maliyyə sektoru kənd təsərrüfatı sektoruna heç bir kömək edə bilməyəcək və əlavə olaraq bütün iqtisadiyyat üçün yüksək risk yaradacaq. Bu səbəbdən inkişaf etmiş və etməkdə olan ölkələrdə kənd təsərrüfatının yalnız maliyyə sektoru tərəfindən maliyyələşməsi məsələlərinə diqqətlə yanaşılır, yüksək riskə məruz qalmamaq üçün bir çox fərqli yanaşmalar tətbiq olunur.

O zaman çıxış yolları nədir və ya dünyada daha çox tətbiq olunan yanaşmalar hansılardır?

Birincisi, effektiv və əlavə iqtisadi dəyər qazandıra biləcək, risklərin maksimum şəkildə yumşaldılması vasitəsilə maliyyələşdirmə metodlarının daha müfəssəl və peşəkar tətbiqi. Kənd təsərrüfatının maliyyələşdirilməsi əsasən 2 istiqamətdə aparılır: 1) Tədarükçülər vasitəsilə maliyyələşdirmə; 2). Birbaşa maliyyələşdirmə. Tədarükçülər vasitəsilə maliyyələşdirmə fərqlidir. Burada vəsait tədarükçüyə (məsələn pambıq təmizləmə zavodu) verilir. Tədarükçü hər bir fermerlə pambığı həmin fermerdən alacağı ilə bağlı forvard müqaviləsi (müqavilədə pambığın alış qiyməti və bütün şərtlər qeyd olunur) bağlayır, sonra lazım olan toxumu, gübrəni, pestisidləri, məsləhət xidmətlərini (bir çox hallarda bu xidmət pulsuz olur), texnikanı (icarə yolu ilə) verir, bütün bunları fermerə yazılan kreditdən çıxır. Yəni, fermerə kredit nağd verilmir və kreditin təyinatına uyğun xərclənməməsi, israfçılıq və sair rikslər minimuma endirilir. Monitorinq də tədarükçü tərəfindən aparıldığı üçün həm məhsulun keyfiyyəti daha yüksək olur, həm də kredit riski azalır. Məhsul təhvil verildiyi anda fermerin borclu olduğu kredit məbləği çıxılır, qalan vəsait xalis mənfəət şəklində fermerə verilir. Bu mexanizmdə buraxılan hər hansı boşluq risk amilini artırar, mükəmməl şəkildə tətbiqi isə riski minimuma endirir və hər 3 tərəf (maliyyə təşkilatı, fermer və tədarükçü) üçün maksimum fayda gətirir. Birbaşa maliyyələşdirmə fermerin, sahibkarın bank, maliyyə orqanı tərəfindən birbaşa maliyyələşdirilməsidir ki, burada əsas prinsiplər layihənin dəyərləndirilməsi, təhlili, rentabelliyinin və risklərin ölçülməsi, girov məsələlərinin həlli, kreditin birbaşa monitorinqi kimi məsələlərin bank-fermer arasında qarşılıqlı həllidir. Bu maliyyələşdirmə nisbətən yüksək riskli maliyyələşdirmədir və diqqətli yanaşmalar tələb edir. Lakin, ən çox diqqət edilməsi vacib olan məsələ budur ki, kənd təsərrüfatının sahələri də fərqli xüsusiyyətlərə malikdir, bitkilərin özləri də. Məsələn, maliyyə təşkilatı buğda, arpa, vələmir kimi bitkiləri soğan, sarımsaq, çiyələk kimi bitkilərlə eyni qrafik, şərt və məbləğlərlə maliyyələşdirsə yüksək risklərlə üzləşər. Çünki, bu bitkilərin yetişmə müddətləri, 1 hektara düşən xərc, aqrotexniki qulluq, gəlir marjası, nağd vəsaitlərin dövriyyəsi və sair məsələlər bir-birlərindən kənsin şəkildə fərqlənir. Məsələn, əgər maliyyə təşkilatı hər ikisi kənd təsərrüfatı sahəsidir deyə hər biri taxıl və soğan əkən 2 fermerə eyni yanaşma göstərsə, eyni şərtlərlə eyni qrafiklə hər bir hektara eyni maliyyə vəsaiti verərsə böyük səhv olar. Təcrübə göstərir ki, fermerə artıq vəsait verildikdə o həmin artıq vəsaiti iqtisadi dəyər gətirməyən istehlaka yönəldir və məhsul yığımı vaxtı cəlb etdiyi bütün vəsaiti geri qaytarmaqda çətinlik çəkir. Yəni, tutaq ki, 10 hektar taxılın maya dəyəri 4000 manatdır və fermer bir hektardan 30 sentner taxıl əldə edib həmin taxılın tonunu 280 manata satarsa 8400 manat vəsaiti, 4400 manat xalis mənfəəti olacaq. Əgər bu fermerə 4000 manat və ondan az kredit verilmişsə, o taxıl satışı zamanı həmin krediti rahat şəkildə ödəyəcəkdir. Daha çox kredit verilmişsə o həmin krediti ödəməkdə çətinlik çəkəcəkdir. Çünki, fermerin özünün də istehlak xərcləri və yaşayış təlabatı vardır. Əgər məsələn soğan əkən fermerə bu yanaşma tətbiq edilərsə bu dəfə həmin fermer vəsait çatışmazlığı ilə üzləşər. Çünki, soğan əkininin maya dəyəri, xərcləri də fərqlidir, aqrotexniki xidmətlər də. Bu səbəbdən düşünürəm ki, ölkəmizdə ilk növbədə müəyyən edilmiş strateji əhəmiyyətli məhsulların (taxıl, arpa, pambıq, pomidor, fındıq və sair) hər biri üçün strateji plan müəyyən ediləcək, həmin plan tələb-təklif, istehsal, satış, idxal, ixrac, maliyyələşdirmə məsələlərini daha müfəssəl şəkildə əhatə edəcəkdir. Bu planda strateji əhəmiyyətli məsələlər konfidensial ola bilər, lakin ictimaiyyət üçün açıqlanan ixrac imkanları və maliyyələşdirmə, tətbiq olunan güzəştlər kimi məsələlər fermerlər üçün faydalı olar.

Nəhayət sonuncu məsələ. Qeyd olunan amillər səbəbindən kənd təsərrüfatının inkişaf etmiş və etməkdə olan ölkələrdə maliyyələşdirilməsi daha çox dövlətin dəstəyi ilə həyata keçirilir. Burada maliyyələşdirmə əsasən 3 istiqamətdə həyata keçirilir. Birinci istiqamətdə dövlət tərəfindən yaradılan fondlar maliyyə təşkilatları vasitəsilə kənd təsərrüfatı sahəsinə güzəştli kreditlər verirlər. Ölkəmizdə də həm Sahibkarlığa Kömək Mill Fondu, həm də Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi kimi kredit fondu vardır. Burada aktual məsələ fondların və ya vəsaitin olub-olmaması deyil, kreditləşmənin bundan sonra daha effektiv həyata keçirilməsidir. İkinci istiqamət ayrı-ayrı banklar və kredit təşkilatları tərəfindən maliyyələşdirmədir ki, bu da qeyd olunan səbəblərdən ümumi kreditləşmənin təxminən 20-30 faizini təşkil edə bilər. Bu kreditləşmə daha çox kənd təsərrüfatı məhsullarının emal və istehsalına yönəlir. Üçüncü istiqamət isə ölkədə kənd təsərrüfatı sahəsində ixtisaslaşan bankın yaradılmasıdır ki, burada əsas səhm paketi dövlətə məxsus olur. Bu bank kənd təsərrüfatı sahəsində ixtisaslaşır; burada həm maliyyəçilər, həm bank işçiləri, həm də aqrar sahə üzrə mütəxəssislər çalışır ki, bu da kredit risklərinin yumşalmasına, kreditlərin daha effektiv verilməsi və ciddi nəzarətə imkan verər. Əsas maliyyə mənbələri isə dövlət tərəfindən ayrılmış güzəştli vəsaitlərdir.

Bütün qeyd olunanlar onu deməyə əsas verir ki, səmərəli olmayan maliyyələşdirmə itirilmiş iqtisadi dəyər, artacaq problemli kreditlər deməkdir. Əksinə, səmərəli maliyyələşdirmə isə artan iqtisadi dəyər, qazanc və rifah deməkdir. Bu səbəbdən kənd təsərrüfatının maliyyələşdirilməsində yuxarıda qeyd etdiyim ortaq nöqtələr olmalıdır ki, həmin ortaq nöqtələr həm maliyyə təşkilatının və ya fondun, həm də fermerin tələblərini ödəsin. Nəticədə həm hər 2 tərəf üçün, həm də istehlakçılar üçün (maya dəyəri aşağı olan məhsul həm rəqabətə davamlı ixrac, həm də daha uyğun qiymətlərə istehlak deməkdir) maksimum faydalı olsun.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər