Kanadanın müxtəlif bölgələrində məcburi vaksinasiyaya, habelə COVID-19 pasportlarının tətbiqinə qarşı etiraz aksiyaları keçirilib.
Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
“CBC” telekanalının verdiyi məlumata görə, ən böyük toplantı Vankuverdə (Britaniya Kolumbiyası) baş tutub və 5 min iştirakçıdan ibarət olub.
Britaniya Kolumbiyası hökuməti səhiyyə işçilərinin 31 oktyabr tarixinə qədər məcburi vaksinasiyadan keçməli olduqlarını açıqlayıb. Üstəlik, regionda COVID-19 pasportunun tətbiq edilməsi planlaşdırılır. Bu sənədə sahib olmayan şəxslər restoranlara, idman zallarına, kinoteatrlara və müxtəlif kütləvi tədbirlərə gedə bilməyəcəklər.
Etirazlar həmçinin Kamlups, Viktoriya və Nanaymo kimi şəhərlərdə keçirilib. Etirazçılar hesab edirlər ki, hökumət bu cür hərəkətlərlə onların həm Kanada Hüquq və Azadlıqlar Xartiyası, həm də yerli qanunlarla təmin edilmiş hüquqları pozur.
Bənzər etirazlar, lakin o qədər də böyük olmayan çərşənbə günü Ontario əyalətində baş verib. Burada səlahiyyətlilər müəyyən qruplara vaksinasiyanın məcbur olduğunu açıqlayıb.