2 C
Baku
Saturday, December 14, 2024

Kapital Bank-ın qadın liderlərinin gözü ilə – Zərif qadınların güclü liderliyi

8 Mart – Beynəlxalq Qadınlar Günü dünya qadınlarının eyni hiss və həyəcanla bayram əhvali-ruhiyyəsində qeyd etdikləri bir gündür. Bu gün Azərbaycan qadını Şərqdə ilk seçilmək hüququna malik sələfləri kimi müasir həyatın bütün sahələrində fikir və qərar sahibidirlər. Bu tendensiyanın davamlı olması və qadınların daha gözəl cəmiyyət üçün çalışması naminə onlara bütün imkanları yaradan Kapital Bank-ın lider qadınları ilə müsahibəni təqdim edirik. 

“Qadın olmaq” özündə böyük məsuliyyət daşıyan ifadələrlə assosiasiya olunur. Məsələn, “Qadın böyük bir gücdür”, “Qadın güclü olmalıdır” və ya “Qadın zərif varlıqdır” kimi ifadələri tez-tez eşidirik. Karyerasının zirvəsində olan bir qadın olaraq bu ifadəni necə şərh edərdiniz?

Fərqanə Məmmədova:  Məncə, qadın həm zərif məxluq, həm də güclü insandır. Düşünürəm ki, burada paradoks yoxdur. Eyni zamanda hər ikisi olmaq mümkündür. Anlamıram ki, niyə karyera inkişafı baxımından qadından kişi kimi rəhbərlik etməsini gözləyirlər. Məsələn, kim deyir ki, emosional qadın insanları daha pis idarə edəcək, nəinki emosiyalarını göstərməyən kişi? Və ya kim deyir ki, yalnız qadınlar emosiyalarını göstərməlidir, kişilərsə deyil? Məncə, artıq stereotiplərdən uzaq olmaq lazımdır. Çünki onlar bizi yanlış qərarlar verməyə sövq edə bilər. İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı

Günel Mavliyarova: Mən bütövlükdə stereotiplərə skeptik yanaşıram. Düzdür, cəmiyyətdə həm kişi, həm qadın üçün artıq formalaşmış və “doğru” kimi qəbul edilən bir çox stereotip var. Lakin hər bir insanın həyatının fərqli məqamlarında güclü və ya emosional dəstəyə ehtiyac duyduğu vaxtlar ola bilər. Amma uğurun bir təsviri varsa, mənim üçün o, insanın qoyduğu hədəflərinə doğru yorulmadan, ruhdan düşmədən, əmin addımlarla getməyi və nə istədiyini dəqiq bilməsidir. Həmin an insan mütləq nailiyyətləri ilə qürur duya biləcəkdir. Bu nailiyyətlər qadına aiddirsə, o bunları əldə edərkən özünü zərif və ya güclü, hətta tamamilə fərqli hiss etməkdə sərbəstdir. Marketinq ekspert mərkəzinin lideri

Uğurlu qadın ifadəsini tez-tez eşitsək də, bilirik ki, uğur nisbi anlayışdır. Sizin üçün uğurlu qadın kimdir?

Nigar Aslanova-Ələsgərli: Mənim təsəvvürümdə uğurlu qadın öz işığı olan və onu qoruya bilən qadındır. Sözün düzü, mən uğuru təsvir edərkən qadın və ya kişi olaraq fərq qoymazdım. Kim olduğunu unutmayan, ruhən güclü, bilikli və müdrik olub, ağlı ilə digərlərini alçaltmayan insanların, kişi və qadın olmasından asılı olmayaraq, hər kəs ətrafında olmaq istəyir. Təşkilati risklərin idarə edilməsi ekspert mərkəzinin lideri

Naina Şükürova: Uğur nisbi anlayışdır, razıyam və buna görə də əsas olan ilk növbədə nə istədiyini bilməkdir. Sonra isə buna uyğun hədəflər qoyaraq onlara çatmaq. Uğurlu bir qadın qətiyyətlə öz hədəflərinə nail olan, mövqeyini qoruyan, zərif, amma zəif olmayan və özünə güvənən bir şəxsdir. Ödənişlər sahəsinin lideri

Müasir iş dünyasında belə bir fikir də var ki, işdə kişi və qadın anlayışı olmalı deyil. Elə isə biznes mühitində uğurlu olmaq üçün əks cinslə rəqabət də daxil olmaqla qadınlar nə etməlidir?

Almaz Musayeva: İş təcrübəmə əsasən deyə bilərəm ki, ağıllı və güclü ekspertlərlə işləmək bizi həmişə inkişaf etdirir. Mütəxəssisin cinsi mənim üçün heç vaxt müzakirə mövzsu olmayıb. Siz işdə çətinliklə, hər hansı məsələnin həlli ilə sınanırsınız və bu zaman bütün komandada hər kəsin rolu o hadisəyə münasibəti və həmin hadisəni idarə etməsi ilə müəyyən olunur. Uğur – biliyin, zəhmətin və bacarığın nəticəsidir. Burada cinsiyyət kriteriyası yoxdur və olmasını da arzu etmirəm. Komplayens departamentinin lideri

Nigar Aslanova Ələsgərli: Uğurun sirri özümüzlə başlayır, digərlərinə yönəlik rəqabət hissinə qapılıb özümüzü kiminləsə müqayisə edərək davransaq, yetərsizlik hissi bizim daimi yoldaşımız olacaq. Rəqabətin cinsi yoxdur, amma kişilər və qadınlar təkamül boyunca fərqli təbiətli fəaliyyətlə məşğul olduqları üçün onların uğura nail olmaq yolu fərqlidir. Mənim həyatımda qoruduğum bir prinsipim var – yoldaşlarımın uğurunu qeyd etmək. Əgər kimdəsə alınırsa, demək ki, bu mühitdə uğur əldə etmək mümkündür, demək ki, məndə də alınacaq.

Şəxsi həyat və uğurlu karyera balansını yaratmaq, hər iki tərəfdə motivasiyalı olmaq mümkündürmü, yoxsa ikisindən biri öncəlik olmalıdır?

Almaz Musayeva: Karyera da şəxsi həyatımızın bir hissəsidir. Öz həyatımda bu iki mövzuya heç vaxt ayrılıqda baxmamışam. Çünki uğurlu karyera da saçımız, üzümüz, kilomuz,

ailəmiz kimi yaşamımızın bir parçasıdır. Karyera, xüsusilə qadınlar üçün maddi müstəqillikdir. Maddi müstəqillik isə quşun qanadı kimi azadlıq hissidir. Asan və ya çətin olmasından asılı olmayaraq bütün işlərdə çalışan xanımları təqdir edirəm. Çünki bu onları heç kimdən asılı olmayan, azad və öz zəhmətləri ilə qazanan güclü qadın edir.

Şahnaz Nuri: Yetkin insan öz emosiyalarını tanıyan, fərqində olan və onları idarə edə bilən insandır. Emosiyaları idarə etmək isə indiki mühitdə əsas bacarıqlardan biridir. Vacib olan kimin daha çox emosional olmağı yox, kimin daha çox yetkin olmağıdır. Agile ekspert mərkəzinin lideri

Emosiyalar necə? İş həyatında ən çox dilə gətirilən fikirlərdən biri də odur ki, qadınların emosionallığı işə mane olur. Bu doğrudur?

Fərqanə Məmmədova: Əksinə, digitallaşan dünyada emosiyalara hər gün daha çox ehtiyacımız olur və olacaq. Söhbət sağlam, normal insan emosiyalarından gedir. Emosiya göstərmək qadın rəhbərin zəif olduğunu göstərmir, əksinə, onu normal bir insan kimi təsbit edir. Bir də ki, emosional kişi rəhbərlər olmur?

İlahə Qazıyeava: Qadınların iş həyatında qarşılaşdıqları çətinliklərdən biri də emosionallıq bəhanəsi ilə müxtəlif vəzifələrə uyğun görülməmələridir. Əslində bu fikir cinsiyyət stereotiplərinə və yanlış inanclara əsaslanır. Hər iki cinsdən insanlar eyni hisslərə və emosiyalara sahibdir və eyni dərəcədə effektiv və qeyri-effektivdir. Emosionallıq insanların müxtəlif hissləri anlamaq və idarə etmək bacarığıdır və bu, iş dünyasında da dəyərlidir. Biznesə dəstək departamentinin lideri

Aygün Musayeva: Statistik yanaşsaq, yəqin ki, bu belədir, amma demək olmaz ki, yalnız qadınlar emosionaldır. Bəzən kişilər daha çox emosional ola bilirlər. Məncə, işə mane yaradan emosiyaların olması deyil, onların düzgün idarə edilməməsi ola bilər. Mən emosiyalara bir qədər pozitiv tərəfdən baxardım, çünki son dönəmlərdə emosional zəka haqqında çox danışırıq və bu, liderliyin əsas prinsiplərindəndir. Qadın və ya kişi olmasından asılı olmayaraq insanları və onların hisslərini anlamağın nə qədər vacib olduğunu da unutmamalıyıq. İstedadların idarə edilməsi departamentinin lideri

Gənc qadınlara karyera məqsədlərinə çatmağa kömək etmək üçün ən vacib 3 məsləhətiniz nədir? Hətta sualı belə səsləndirək: 20 yaşlarındakı özünüzə verəcəyiniz ən yaxşı 3 məsləhətiniz hansılar olardı?

Günel Mavliyarova: Mənim üçün bir qədər çətin sualdır. Çünki indi geriyə baxanda başa düşürəm ki, düzgün seçimlər etməyə çalışmışam. Hətta çətin seçimlər olanda belə verdiyim qərarlar nəticədə məni düzgün istiqamətə aparıb. Amma tövsiyə etməli olsam, böyüklərin və daha təcrübəli insanların məsləhətlərini dinləmək lazımdır. Lakin bunları mütləq həqiqət olaraq yox, ürəyinin səsi və istəklərin süzgəcindən keçirmək lazımdır. Özünə inanmağı və güvənməyi öyrənmək lazımdır. Doğru bildiyin və səni xoşbəxt edən işlərin ardınca getmək lazımdır.

Xanım Rüstəmova: Heç vaxt dayanmayın! Oxuyun, öyrənin, çox çalışın, özünüzü inkişaf etdirin və hər zaman ətrafınızda ağıllı insanlar olsun. Yeni insanlar tanıyın, özünüzə inanın, məqsədlərinizi müəyyən edin. Bunları etsəniz, uğur özü sizi tapacaq!” KOS və korporativ məhsullar sahəsinin lideri

Naina Şükürova: Daim özünüzü xoşbəxt hiss etdiyiniz mühitdə olun və daxili harmoniyanızı tapmağa çalışın. Bütün uğurlar özümüzü tapdığımız gündən başlayır, ona görə də hər zaman öz istəklərinizə fokuslanın.

Kapital Bank hər zaman sosial məsuliyyəti ilə gündəmə gələn bir şirkətdir. Bəs şirkət olaraq hansı addımlarınızı cəmiyyətdə qadınların güclənməsi və inkişafına töhfə hesab edirsiniz?

Günel Mavliyarova: Kapital Bank ümumilikdə yeniliyə, dəyişikliyə açıq iş yeridir. Əməkdaşlarının səsini duymağa, onların ideyalarını dəstəkləməyə hazır bir korporativ mühitimiz var. Bu keyfiyyətlər həmişə bankı daha böyük nailiyyətlərə aparacaq. Bank olaraq sosial layihələrə yanaşmamız isə həmin layihələrin ünvanlandığı hədəf auditoriyasına maksimum faydalı olmağıdır. Hər zaman 8 Mart ərəfəsində gerçəkləşdirdiyimiz qadınlara yönəlik layihələrimizdə də məhz o kriteriyaları əsas götürmüşük. Hətta bir neçə dəfə də bu layihələr müxtəlif mötəbər mükafatlara layiq görülüb.

Aygün Musayeva: Kapital Bank qadınların iş həyatında, xüsusən də bankçılıq sektorunda inkişafı üçün bir çox addımlar atır. Bunun ən böyük nümunəsi, məncə, İdarə Heyətində qadın üzvün olmasıdır. Bu onu göstərir ki, Kapital Bank qadınlara kişilərlə bərabər imkanlar yaradır və seçimləri cinsindən asılı olmayaraq hər kəsin bacarıqlarına və biliklərinə əsasən aparır. Bu gün bankımızda 100-ə yaxın qadın həmkarım orta və yüksək rəhbər vəzifəsindədir. Bundan əlavə, sırf qadınlar üçün xüsusi layihələr gerçəkləşdiririk. Bu layihələr onların liderlik bacarıqlarını daha da inkişaf etdirməkdə kömək olur. Məsələn, fərqindəlik və transformasiya mövzusunda “Özünü kəşf et” sessiyası, qadınlarının liderlik rolunun gücləndirilməsi istiqamətində “Women in Leadership” inkişaf proqramı örnək göstərilə bilər.

Dünya inkişaf edir, süni intellekt, texnologiya hər gün yenilikləri ilə bizi təəccübləndirir. Hər şey dəyişsə də, “Qadınlar üçün bax bu dəqiq həmişə belə qalacaq”, dediyiniz nə var?

Xanım Rüstəmova: Bütün dünya dəyişsə belə, qadınların empatiya duyğusu heç zaman dəyişməyəcək. Biz qarşı tərəfi hər zaman daha dərin anlaya və özümüzü onun yerində hiss edə bilirik. Bu bizim təbiətimizdir və bəzi şeylər heç vaxt dəyişmir.

İlahə Qazıyeva: Dünya nə qədər inkişaf etsə, süni intellekt, texnologiya hər gün yenilikləri ilə bizi təəccübləndirsə də, qadın gücü və qadın zərifliyi dəyişilməz olaraq qalacaq.

Şahnaz Nuri: Qadın dünyaya həyat bəxş edir və onu sevgi ilə yetişdirir. Çətinliklərə baxmayaraq, qadınlar maneələri aşır və cəmiyyətdə müsbət dəyişikliklərə səbəb olmağa davam edir. Qadınların gücü, həm də ədalətli gələcəyin formalaşmasına töhfə olacaq.

Hansı sahədə olmasından asılı olmayaraq qadınlar bəşəriyyətin müqəddəs və əvəzsiz parçasıdır. Onlarsız həyatın davamlılığı mümkün deyil. Beynəlxalq Qadınlar Günü münasibətilə Kapital Bank adından bütün xanımları təbrik edir, onlara arzuladıqları xoşbəxtliyə sahib olmalarını arzu edirik.

Son xəbərlər
Digər xəbərlər