Müəllif: Fariz Hüseynov
Məqalə bankların kapitallaşması ilə əlaqədar Basel-I və Basel-II sistemlərinin bankların risk davranışı, kredit faizləri və onların sərmayə rasyosuna təsirini araşdıran elmi məqalələri təhlil edir.
Elmi araşdırmaların nəticələri bu şərtlərin təsiri barədə birmənalı deyil. Bu da onu göstərir ki, fərqli bank sistemlərində kapital şərtlərinin bankların fəaliyyətinə təsiri daha dərindən araşdırılmalı, bank sisteminin sağlamlığını artırmaq üçün əlavə amillərdən istifadə etmək lazımdır.
1988-ci ildə müxtəlif ölkələrin bank sisteminə nəzarət edən qurumlar bankların risk götürmə qabiliyyətinə nəzarət etmək üçün bankların borc rasyosunu məhdudlaşdıran və aktivlərin risk dərəcəsini ölçən Basel-I standardlarını qəbul etdilər. 90-cı illərin ortalarında Basel-II çərçivəsində riskə bağlı kapital şərtləri, nəzarətedici mexanizm və şəffaflığın artırılması prinsipləri üzrə üç pilləli məhdudiyyətlər sistemi yaradıldı. 2008-ci ildə başlayan maliyyə böhranı nəticəsində 2010-cu ildə kapital şərtlərinin sərtləşdirilməsinə qərar verildi. Artıq 27 ölkənin baş bankirləri kapital şərtlərini 2015-ci ilə qədər artırmaq qərarına gəliblər. Bu baxımdan kapital şərtlərinin banklara təsirini təhlil etmək vacibdir.
Aktivlərin Optimal Paylanması
Elmi araşdırmaların bir hissəsi bankların kapital şərtlərinə uyğun olaraq optimal aktiv seçimi etdiklərini fərz edir. Beləliklə banklar müxtəlif aktivlərin gəlirliliyini nəzərə alaraq özlərinin risk rəğbətindən asılı olaraq gözlənilən faydanı artıracaq seçimlər edirlər. Kifayət qədər riskə rəqbəti olan bank (non-risk-averse) kapitallaşma tələbi artırılandan sonra aldığı hər əlavə borca nəzərən daha riskli aktivə yatırım edəcəkdir. Beləliklə kapital tələbinin bank sistemi üzərində təsiri bankların riskə olan rəğbətlərinin paylanmasından (distribution) asılı olaraq dəyişəcək. Ancaq riskə görə aktivlərin dərəcələndirilməsi mexanizmi (risk-weighted bank assets) bank portfelinin ümumi riskini azalda bilər.
Depozitlərin sığortası imkanı borlanma xərcinə təsir etdiyi üçün bankın borc rasyosu ilə onun riski və gəlirliyi arasında əlaqə xəttiliyini itirir. Bu istiqamətdə aparılan araşdırmalar depozit sığortasını satış opsiyonu (put option) kimi qiymətləndirir və belə nəticəyə gəlir ki, bank kapitalında artım aktivlərin riskini azalda bilər. Digər nəticə budur ki, kapital şərtləri bankın aktiv portfelinin diversifikasiya imkanını azaltsa da, ümumən bankın kredit riskini azaldır. Başqa bir araşdırma göstərir ki, depozit sığortası banka dövlət tərəfindən verilmiş subsidiyadır və bank o zamana qədər investisiya edəcək ki, hər əlavə dollara alınan subsidiya marjinal riskli investisiyanın gətirəcəyi ziyana (negativ NPV) bərabər olsun. Depozit sığortasının bankı daha riskli hərəkət etməsinə səbəb olduğu üçün dövlət kapital məhdudiyyətini gətirir. Maraqlıdır ki, belə olduğu halda banklar hər dollar riskli aktivə düşən xərci azaltmaq üçün ümumi riskli aktivlərin sayını artırır və kapital məhdudiyyətinin iki təsiri olur: a) bank daha az borc alır və iflas riski azalır, b) aktivlərin riski artır və iflas riski artır. Bankın ümumi iflas riski bu iki təsirin hansının üstün olmasına bağlıdır.
Kapital şərtləri və bazar məhdudiyyətləri
Araşdırmalar göstərir ki, banklar gələcəyə baxaraq kredit qərarlarını kapitallaşma şərtlərindəki gözlənilən dəyişikliklərə görə müəyyən edirlər. İki-hissəli modellər bankların gələcəkdə gözlədikləri gəlir-risk əlaqəsini kapital şərtərinə necə uyğunlaşdırğını təhlil edir. İkinci hissədə yüksək gəlir gözləyən bank birinci hissədə riski azaldır ki, iflas ehtimalı azalsın və ikinci hissədə gəlir ehtimalı yüksəlsin. Ancaq ikinci hissədə dövlət kapital şərtlərini sərtləşdirəcəksə gəlirlilik azalacaq. Bank məcbur olur ki, birinci hissədə daha riskli investisiya etsin. Başqa tərəfdən isə kapital şərti birinci hissədə artmış olarsa bankın mümkün diversifikasıya imkanı daralır ki, bu da riskli aktivə investisiya ehtimalını azalda bilər. Bu modeli sonsuzluğa tətbiq edərkən kapital səviyyəsi ilə riskin qeyri-xətti əlaqəsi (U-şəkilli) müəyyən olunur. Müəyyən həddə qədər kapital artarsa risk azalır, ancaq bu həddən sonra risk əksinə artır. Belə görünür ki, kapitalı ən az olan banklar maksimum risk alır. Amma bazarda əvvəlcədən bankların sığortalanmamış riskləri qiymətlənirsə (CDS kimi törəmə alətlərlə) bu banklar çox risk almaqdan çəkinər.
Rəqabətli olmayan bank sektorunda və depozit bazarındamonopoliya, kredit bazarında mənəvi təhlükə (moral hazard) olanda kapital şərtləri bankların izafi risk iştahını azaldır. Depozit tavanı (ceiling) bankları daha yüksək risk götürməyə məcbur etsə də, bazar payı yüksək olan banklar daha az riskə meyl göstərəcəklər.
Bəzi məqalələr agentlik və mənəvi təhlükə (agency and moral hazard) problemlərinin bankın risk davranışına necə təsir etdiyini araşdırır. İnformasiya assimetriyasi olanda banklar bazara siqnal göndərməli olurlar. Dövlətin verdiyi zəmanət banklara imkan verir ki, əlavə səhm ixrac etməsin. Bu zaman bazar sərmayə səviyyəsi (market capital) süni olaraq azalır.
Bu da kapital strukturu problemlərini dərinləşdirir. Ancaq digər tərəfdən banka qaçış təhlükəsi (depozitarların pulunu anidən çəkməsi) bankları məcbur edir ki, müəyyən likvidlik səviyyəsini saxlasınlar. Banklar likvidlik dərəcəsinə görə kreditləri ayırır və ümumi portfelin orta likvidliyi artdıqca bank borc rasyosunu da artırır. Bu mühitdə kapital şərtlərinin artırılması likvid olmayan banklarda problem yaradır. Depozit sığortası imkanı bu prosesi daha da gücləndirir, ona görə ki, depozitlər sığortalanmasa idi, banklar əlavə kapital saxlamalı olacaqdılar. Ancaq başqa araşdırma göstərir ki, depozit sığortası depozitarlara güvən verdiyi üçün banka qaçış ehtimalını azaldır.
Kapital şərtləri bankların kredit keyfiyyətinə də təsir edir. Kapital şərtləri artanda bank yeni sərmayə cəlb etməli olur. Yeni sərmayədə bank rəhbərlərinin payı azalanda (yeni sərmayədarlar köhnə sərmayədarlardan fərqli olanda) bank rəhbərlərinin kredit keyfiyyətinin yüksəldilməsinə marağı azalır. Nəticədə bankın kredit portfelinin keyfiyyəti azalır. Bunu görən investorlar bankın səhmlərinə tələbi azaldır və səhmin qiyməti düşür. Beləliklə, kapital şərtini qoyan requlyatora (regulator) bankın səhmlərinin qiyməti onun riski barədə siqnal verə bilər.
Digər tərəfdən, depozit ilə kapital arasında seçim edən banklar depozit ucuz olduğu üçün kapitalı minimum səviyyədə saxlamağa çalışırlar. Bank kredit keyfiyyətini artırmaq üçün ya kredit verdiyi şirkətin səhmdarı olmağa çalışır, ya da onun gələcək nağd axımını yaxından izləyir. Regulyator üçün kapital şərtinin artırılması bankın gələcək nağd axımının riski və likvidliyi ilə bağlı siqnal verə bilər. Əgər nəzarət xərcləri yüksəkdirsə, kapital şərtləri çox artırılmalıdır. Buna alternativ, bankların subordinasiya borcunun (qorunmamış) artırılması ola bilər. Subordinasiya borcunun bazardakı qiyməti nağd axımının riski barədə requlyatora siqnal verir.
Burada əsas amil bazarın mövcud olması və səhmlərin qiymətinin bankların risk səviyyəsi barədə siqnal verməsidir. Maliyyə bazarı olmayan ölkələrdə informasiya assimetriyası artdığı üçün requlyator banklar üzərində nəzatəri gücləndirməli olur ki, bu da onun nəzarət xərclərini artırır.
Əlverişsiz seçim (adverse selection) və kapital şərtləri
Bir qrup məqalə banklar arasında fərqlər çox olduqda kapital şərtlərinin bank sektoruna necə təsir etdiyini araşdırır. Məsələn, banklar öz müstərilərini seçərkən əlverişsiz seçim şəraiti yaranır. Banklar müştəri seçimi mexanizminin xərclərini borc alana yükləyir ki, nəticədə keyfiyyətli borc alanın kredit alma ehtimalı azalır.Kapital şərtləri artırılanda bu ehtimal daha da azalır ki, bu da verilən kreditlərin həcminə mənfi təsir edir. Digər tərəfdən banklara lisenziya verən requlyatorlar da əlverişsiz seçim təhlükəsi ilə qarşılaşır. Nəzarət xərcləri yüksək olanda requlyator kapital şərtini artırır ki, bəzi zəif və təhlükəli bankları ələkdən keçirsin. Ələk sistemi yaxşı qurulanda kapital şərtlərinin az olması daha səmərəli nəticə verir. Deməli nəzarət gücü zəif, ələk sistemi yaxşı işləməyən ölkələrdə requlyator kapital şərtlərini sərtləşdirməli olacaq.
Maraqlıdır ki, banklar kapital ilə nəzarət xərcləri arasında seçim edirlər. Kapitalı az olan bank özünün təcrübəsi çox olan sahəyə kredit verir və nəzarət xərclərini azaldır. Nəzarət xərclərini artıran bankların, adətən, kredit itkiləri daha az olur. Əksər banklar nəzarət xərclərini kredit faizinə əlavə edir ki, bu da kredit faizini artırır. Kredit şərtləri sərtləşəndə bankların verdiyi kreditlərin həcmi azala bilər ki, nəticədə nəzarətin həcmi də azalır. Bu da kredit keyfiyyətini artıra bilər.
Alternativ olaraq, bankları “yaxşı” və “pis” banklar olaraq ayırd etsək, yaxşı banklar müştərilər üzərində nəzarət texnologiyasini gücləndirərək hər dollar kreditə nəzarət xərclərini azaldır. Pis banklar isə nəzarət xərcləri artıracaq və nəticədə ya iflas riskinə məruz qalacaqlar, ya da ümumi xərcləri gəlirlərini üstələyəcək.Ümumi götürəndə, bank sektorunda orta səviyyəli keyfiyyət və yüksək səviyyəli rəqabət olarsa, sektora daxil olma imkanı nəzarət xərclərini minimuma sala bilər.
Nəticə:
Kapital şərtlərinin banklar üzərində təsirini araşdıran elmi məqalələrin nəticələrini belə ümumiləşdirmək olar. Kapital standardlarının artması qısa-müddətdə kredit həcmini azaldır, kredit faizini artırır və bankları kreditdən çəkindirərək başqa alternativ aktivlərə yönəldir. Ancaq uzun müddətdə kapital rasyosunun artırır. Bu da depozitarları bankın mümkün iflas riskindən qoruyur.
Ancaq sərmayə rasyosundan daha vacib amil bankın risk davranışıdır. Artan kapital riskli aktivlərə yönələndə bank sistemi təhlükəsiz olmur. Bəlkə də, sərt kapital şərtləri bəzi bankları riskli aktivlərə yatırım etməkdən çəkindirir, ancaq bunun bank sektorunda riski nə qədər azaldacağı sual altındadır.
Ümumiyyətlə, elmi-nəzəri modellərin kapital şərtlərinin bank sektoruna müsbət təsirləri haqqında birmənalı nəticə vermədiyini demək olar. Xüsusilə, maliyyə böhranından sonra bank sistemində sağlamlığını artıran amillər diqqətlə araşdırılmalıdır. Böhran göstərdi ki, kapital şərtlərini dəyişdirmək bu məqsəd üçün kifayət deyil. Requlyatorlar kapital şərtəri ilə bərabər alternativ metodlara da əl atmalıdırlar.
Mənbə: http://academyfinance.blogspot.com/