“Aprelin 2-dən Naxçıvana uçuşlar dayandırılıb”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov bildirib.
A. Məmmədov deyib ki, beynəlxalq məlumatlar toplusunda mayın 31-dək Azərbaycana uçuşların qadağan olunduğu əksini tapıb: “Hazırda bu məlumat yenilənib və 1 iyula qədər Azərbaycana beynəlxalq uçuşlar qadağandır. Beynəlxalq aviaşirkətlər də bu məlumat toplusuna baxaraq qərar verir. Yükdaşımalar və operativ yardımlarla əlaqədar isə uçuşlar davam edib. Bu dövr ərzində yükdaşımalarda 20-25 faiz artım olub. Bütün bu dövr ərzində yalnız hava nəqliyyatı ilə yük daşınmalarına heç bir məhdudiyyət qoyulmayıb. Azərbaycan dövləti 10-dan artıq dövlətə hava yolu ilə operativ humanitar yardım göndərib. Statistik məlumatlara baxsaq, 2019-cu illə müqayisədə 2020-ci il mart, aprel, may aylarında humanitar yüklərin daşınması da daxil olmaqla yük daşınmalarında 25-27 faiz artım olub. Amma aprel-may aylarında çox az sərnişin daşınması olub, yalnız Operativ Qərargahın razılaşdırılmış qərarlarına əsasən çarter reysləri həyata keçirilib. Bu dövrdə 25 minə yaxın sərnişin daşınıb. Bu, həm ölkəmizə gələn, həm də ölkəmizdən gedən sərnişinlərin ümumi sayıdır. Bu uçuşları həm AZAL, həm BUTA, həm də xarici şirkətlər həyata keçirib”.