Azərbaycanda bank sektorunun dayanıqlılığı diqqətdə saxlanılır.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
T. Kazımov bildirib ki, hazırda sektorda kapital mövqeyi minimum tələbi iki dəfə üstələyir: “Sahibkarların maliyyə imkanlarına çıxışı genişləndirilir. Bu ilin 9 ayında bankların kredit portfeli 14%, biznes kreditlərin həcmi isə 11% artıb”.
Baş bankirin sözlərinə görə, biznes kreditləri bankların ümumi kredit portfelinin 54%-ni təşkil edir: “Valyuta kreditlərinin payı 19%-ə enib, bu da tarixi minimumdur. Kredit portfelinin keyfiyyəti qənaətbəxşdir. Qeyri-işlək kreditlərin ümumi kredit portfelinin 3.5%-i səviyyəsinə enib. Bank sektoruna və milli valyutaya inam artıb. Cari ilin 9 ayında manatla olan əhalinin əmanətləri 15.6% və ya 1.1 milyard manat artaraq 8 milyard manat təşkil edib”.