Keçən il “Neftçi”nin gəlirləri artıb, ili mənfəətlə tamamlayıb

“Neftçi Peşəkar Futbol Klubu” MMC 2025-ci ili 579 min manat xalis mənfəətlə başa vurub. Klub 2024-cü ildə 121 min manat zərər açıqlamışdı.

Banker.az xəbər verir ki, klubun əməliyyat gəlirləri illik müqayisədə 23.1% artaraq 28.25 mln. manatdan 34.78 mln. manata yüksəlib. Artım əsasən sponsor və reklam gəlirlərinin 2.29 dəfə artaraq 5.74 mln. manata çatması, UEFA-dan daxilolmaların 75.9% artaraq 1.55 mln. manat olması və Futbolun İnkişafı Fondundan daxilolmaların 3.1 mln. manata yüksəlməsi ilə bağlıdır.

Bununla yanaşı, klubun əsas gəlir mənbəyi olaraq qalan “sair gəlirlər” 24.31 mln. manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 8.3% çoxdur. Bilet satışından gəlirlər isə 99 min manatdan 86 min manata enib.

Xərclər də artıb. Ümumi əməliyyat xərcləri 21.4% yüksələrək 28.20 mln. manatdan 34.24 mln. manata çatıb. Əmək haqqı və mükafat xərcləri 20.48 mln. manatla demək olar ki, dəyişməz qalıb. Bununla belə, qeyri-maddi aktivlərin köhnəlməsi 70.6% artaraq 1.65 mln. manata, agentlərə ödənilən məbləğlər isə 7 dəfədən çox artaraq 617 min manata yüksəlib. Sair xərclər də 70.8% artaraq 10.92 mln. manat olub.

Balans göstəricilərinə görə, “Neftçi”nin aktivləri il ərzində 27.7% artaraq 18.82 mln. manatdan 24.04 mln. manata yüksəlib. Transfer hüquqları üzrə qeyri-maddi aktivlər 3.03 mln. manata, əsas vəsaitlər isə 9.15 mln. manata çatıb.

Klubun pul vəsaitləri və qısamüddətli investisiyaları isə 27.9% azalaraq 12.65 mln. manatdan 9.12 mln. manata düşüb. Eyni zamanda, 2024-cü ilin sonunda mövcud olan 4.86 mln. manatlıq maliyyə öhdəlikləri 2025-ci ilin sonunda tam bağlanıb.

Xalis kapital il ərzində 7.58 mln. manatdan 8.16 mln. manata yüksəlib. Bununla yanaşı, gələcək hesabat dövrlərinin xərcləri üzrə ehtiyatlar 2.7 dəfə artaraq 14.94 mln. manata çatıb ki, bu da öhdəliklərin əsas hissəsini təşkil edir.

“Neftçi” klubu 2025-2026-cı illər üzrə Azərbaycan Premyer Liqasında 4-cü sırada qərarlaşıb. Klub 2024-2025-ci illər üzrə uğursuz mövqe tutduğundan (6-cı yer) UEFA yarışlarına qatıla bilməyib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər