2019-cu il ərzində Azərbaycanda qida sektorunda 10 mindən artıq sahibkarlıq subyekti qeydiyyatdan keçib.
Bunu “Qida təhlükəsizliyi: mövcud vəziyyət və perspektivlər” mövzusunda Bakıda keçirilən forumda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, bu sektorun fəaliyyəti bütün istehlakçı qrupları ilə kəsişir və bu sahədə biznesin düzgün və səmərəli təşkili təhlükəsizlik baxımından olduqca vacibdir.
“Azərbaycanın qeyri-neft ixracında bu sektorun potensialı genişdir və bundan istifadə etmək lazımdır”, – deyə O. Məmmədov qeyd edib.
O həmçinin əlavə edib ki, qida sektorunun fəaliyyəti ilə bağlı 2019-cu ildə KOBİA tərəfindən bir sıra dəstək tədbirləri həyata keçirilib. Bunların sırasında satışa və bazarlara çıxışa dəstəyi qeyd etmək olar ki, bunun nəticəsində 150-dən çox KOB-a ödənişsiz sərgilərdə iştirak imkanı yaradılıb və sahibkarların 50%-dən çoxu qida biznesində təmsil olunub: “Növbəti belə bir sərginin 20-22 fevral tarixlərində Əl Oyunları Sarayında keçirilməsi planlaşdırılır”.
©APA