9 C
Baku
Friday, December 13, 2024

Kiloqramı 4 manatdır, ildə 140-150 ton məhsul verir – Foto

Xaçmazda fəaliyyət göstərən müəssisədə il ərzində 150 ton yeməli göbələk növlərindən olan şampinyon yetişdirilir.

Rayonun Çarxı kəndindəki müəssisədə istehsal olunan məhsul Xaçmazla yanaşı, Quba, Qusar və Sumqayıtda satışa çıxarılır.

Sahibkar Ənvər Haqverdiyev bildirir ki, müəssisəni 7 ildir qurublar. İlk illərdə gəlir əldə etmək mümkün olmasa da, indi müəssisə qazanc gətirir. Göbələk əkildikdən sonra bir ay ərzində 3 dəfə məhsul toplanılır. 300 kvadratmetr sahəsi olan istehsalat otağından üç dəfəyə 4 ton göbələk yığılır. Müəssisədə doqquz istehsalat otağı var. Hər il 4 dəfə göbələk yetişdirilməsini həyata keçirən sahibkar, ümumilikdə, 140-150 ton məhsul götürür.

“Əvvəl heyvandarlıqla məşğul idim. Sonra Rusiyada yaşayan qardaşımın məsləhəti ilə göbələk istehsalına başladıq. Əvvəlcə çox çətin idi. İndi işimizi qurmuşuq. Müştəri sarıdan çətinliyimiz yoxdur. Yetişdirdiyimiz göbələkləri bölgədəki satış mərkəzlərinə və böyük istirahət mərkəzlərinə topdansatış qiymətə satırıq. Malımız artıq qalanda Bakı şəhərində də satışı həyata keçirə bilirik”,- deyə Ənvər Haqverdiyev söyləyib.

Müəssisədə yetişdirilən göbələyin topdansatış qiyməti 4 manatdır. Qablaşdırılmış halda isə 500 qram məhsul 2 manata satılır. Mağazalarda isə topdansatış qiymətinin üzərinə 30-40 qəpik əlavə olunaraq alıcılara təqdim edilir.

Ənvər Haqverdiyev bildirib ki, müəssisədə göbələyin yetişdirilməsi üçün ən vacib elementlərdən sayılan xüsusi qarışıq – kompost hazırlanır. Bu qarışığın hazırlanması üçün saman, üzvi və qeyri-üzvi gübrələrdən istifadə edilir. Kompostun hazırlanması prosesi 15-20 gün çəkir. Bundan sonra kompost sellofan torbalara doldurulur və Türkiyədən gətirilmiş, göbələk sporları yayılan toxumlar qarışıqda basdırılır. Göbələyin yetişdirilməsi və hazır məhsulun toplanması xüsusi istehsalat otaqlarında həyata keçirilir. Son məhsul həmin sexlərdə toplanaraq satışa çıxarılır.

“Bizdə hazırda şampinyon göbələyin iki növü becərilir – adi ağ və “kral” şampinyonu. “Kral” şampinyonu”nu yeni gətirmişik. Qəhvəyi rəngdədir. Azərbaycanda hələ ki, alıcısı azdır. Amma digər ölkələrdə həm dadına, həm də görünüşünə görə bu növə daha çox tələbat var. Biz məhsulu topladıqdan sonra özümüz qablaşdırırıq. Qablaşdırmadan əvvəl mütləq bir müddət soyuducu otaqlarda aşağı temperaturda saxlanılır. Belə edildikdə göbələklər uzun müddət keyfiyyətli formada qalır. Şampinyon göbələyindən təxminən 15-ə adda yemək və salatlarda istifadə olunur”,- deyə Ənvər Haqverdiyev söyləyib.

Gələcəkdə müəssisədə yeni istehsalat otaqlarının yaradılması və məhsul istehsalının artırılması nəzərdə tutulub.

Qeyd edək ki, şampinyon göbələyinin 200-dən çox növü var. Onların yalnız bir neçə növü yeyilmir. Hazırda dünyada yetişdirilən ümumi göbələk istehsalının 60-75 faizi şampinyonun payına düşür. Bu göbələklərin əsas istehsalçısı və ixracatçısı ABŞ-dır. Şampinyon göbələyi vitamin və minerallarla zəngin olduğundan faydalı ərzaq məhsulu sayılır. Tərkibində B qrupu vitaminləri bol olan bu məhsul yaddaşın möhkəmlənməsinə müsbət təsir göstərir, insanın zehni fəaliyyətini aktivləşdirir.

1273483

303990

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər