Kart hesabından əmək haqqının akseptsiz silinməsinə verilmiş razılıq istənilən zaman geri götürülə bilər. Bunun üçün kart hesabının (cari hesabın) olduğu banka ərizə verilməsi kifayətdir. Əgər bank akseptsiz silinməni dayandırmasa, banka qarşı məhkəmədə iddia qaldırıla bilər.
Məsələn, bəzi kredit müqavilələrində qeyd olunur ki, borcalan müqavilə öhdəliklərini vaxtında və ya lazımi qaydada icra etmədikdə tələbi onun əmək haqqına yönəltmək bankın hüququdur. Banklar belə kredit müqavilələrini o şəxslərlə bağlayırlar ki, onlar əmək haqqını həmin bankda olan kart hesabı vasitəsilə alırlar. Sonradan mübahisə yaranır, mübahisənin isə müxtəlif səbəbləri olur: əmək haqqı düzgün hesablanmayan kredit faizlərinə silinir, yaxud əmək haqqının çox hissəsi silinir və s. Ona görə də borcalan akseptsiz silinmənin dayandırılmasını tələb edir, bank isə etiraz edir. Bank etirazını onunla əsaslandırır ki, akseptsiz silinmə müqavilə şərtidir, borcalan həmin müqaviləni imzalayıb, müqavilə qarşılıqlı razılıq və ya məhkəmə qaydasında ləğv edilməyənə qədər bankın əmək haqqını akseptsiz silmək hüququ var.
Kim haqlıdır: bank, yoxsa borcalan?
Borcalan haqlıdır. Belə ki, 2 hüquq sahəsinin – mülki hüquq və əmək hüququnun tənzimetmə predmeti fərqləndirilməlidir. Kredit borcu mülki hüququn tənzimetmə predmetinə aiddir, çünki o, mülki müqavilə (kredit müqaviləsi) bağlandıqda yaranır. Əmək haqqı isə əmək hüququnun tənzimetmə predmetinə aiddir, çünki o, əmək müqaviləsi bağlandıqda yaranır. Kart hesabında olan pul “əmək haqqı” statusunu saxlayır və işəgötürənin əmək haqqını işçinin kart hesabına köçürməsi “əmək haqqının verilmə yeri” anlayışı ilə əhatə olunur. Əmək Məcəlləsinin 174-cü maddəsindən görünür ki, verilmə yerinə görə əmək haqqı 3 növə bölünür:
1) iş yerində verilən əmək haqqı;
2) müvafiq ünvana göndərilən əmək haqqı;
3) işçinin bank hesabına köçürülən əmək haqqı.
İşçinin kart (bank) hesabına köçürülən əmək haqqının akseptsiz silinməsinin əsasları da əmək hüququnun tənzimetmə predmetinə aiddir. Mülki müqavilədə (kredit müqaviləsində) əmək hüququnun tənzimetmə predmetinə aid olan məsələ barədə şərt müəyyənləşdirilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, bu məsələyə münasibətdə Əmək Məcəlləsinin göstərişi Mülki Məcəllənin göstərişini üstələyir. Əmək münasibətləri o halda mülki qanunvericiliklə tənzimlənir ki, əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulmasın (Mülki Məcəllə, maddə 2.3). Əmək Məcəlləsinin 175-ci maddəsində əmək haqqından tutulmaya əsas olan hallar müəyyən edilib. Tutma 2 yerə bölünür:
1) işçinin yazılı razılığı ilə tutma;
2) işçinin razılığı olmadan tutma (vergilərin, sosial sığorta haqlarının, məhkəmə qərarında müəyyən olunmuş pul vəsaitinin və digər ödənişlərin tutulması).
Göründüyü kimi, “razılaşma” deyil, “razılıq” ifadəsindən istifadə olunub. Razılığı işçi istənilən zaman geri götürə bilər, çünki “razılaşma”dan fərqli olaraq “razılıq” birtərəfli iradə ifadəsidir, əmək qanunvericiliyində razılığın geri götürülməsini işçiyə qadağan edən norma yoxdur.
Deyilə bilər ki, Əmək Məcəlləsinin 175-ci maddəsindəki norma işçi ilə işəgötürən arasındakı münasibəti tənzimləyir, bunun banka aidiyyəti yoxdur.
Bu, düzgün yanaşma deyil. Nə qədər ki, işçinin kart (bank) hesabına köçürülmüş pul “əmək haqqı” statusunu saxlayır, həmin norma banka da şamil olunur. İşəgötürən əmək haqqını işçinin kart hesabına köçürdükdə (verilmə yerinə görə 3-cü növ əmək haqqı) və ya müvafiq ünvana çatdırılması üçün poçt müəssisəsinə verdikdə (verilmə yerinə görə 2-ci növ əmək haqqı), 175-ci maddənin göstərişi banka və poçt müəssisəsinə də şamil olunur, çünki bank və poçt müəssisəsi əmək haqqının verilməsi prosesinin iştirakçısına çevrilirlər: işəgötürən ilə işçi arasında vasitəçi rolunda çıxış edirlər. Odur ki, bank və poçt müəssisəsi işçinin razılığı olmadan əmək haqqından tutma apara bilməzlər, razılıq isə istənilən an geri götürülə bilər.
Deyilə bilər ki, əmək haqqını akseptsiz silmək hüququ müqavilədə nəzərdə tutulub, tərəflər azad surətdə həmin müqaviləni bağlayıblar, müqavilə şərti birtərəfli qaydada ləğv edilə bilməz. O cümlədən Mülki Məcəllənin 964.2-ci maddəsinə görə müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Göründüyü kimi, “müqavilədə nəzərdə tutulmuş hallarda” ifadəsindən istifadə olunub.
Bu, düzgün yanaşma deyil. Müqavilə – ərəb mənşəli sözdür, əsli “müqəbale” kimidir, razılaşma deməkdir. “Müqəbale” sözü dilimizdəki müqabil sözü ilə qohumdur. Müqabil – qarşı, bir şeyin qarşısında olan, qarşıdakı mənalarını verir (məs., tərəf müqabili). Müqavilə deyildikdə qarşı tərəflərin – iki və daha çox şəxsin (müqabillərin) razılaşdırılmış iradə ifadəsi başa düşülür. Müqaviləyə qanunda verilmiş anlayış da belədir: müqavilə iki və ya bir neçə şəxsin razılaşması kimi təqdim olunur (Mülki Məcəllə, maddə 389.1). Əmək haqqının akseptsiz silinməsi barədə müqavilənin bağlanması üçün əvvəlcə müqabillər (qarşı duran tərəflər) olmalı, daha sonra həmin müqabillər razılaşaraq müqavilə (“müqəbale”) bağlamalıdır. Lakin müqabillər yoxdur. Əmək Məcəlləsinin 175-ci maddəsinə görə bu məsələdə işçinin müqabili ola bilməz, işçi müqabilsizdir: birtərəfli qaydada razılıq verə bilər və razılığı birtərəfli qaydada geri götürə bilər. Həmin maddədə “yalnız işçinin yazılı razılığı ilə” ifadəsindəki “yalnız” sözü işçinin müqabilsiz olduğunu birmənalı təsdiq edir. İşçinin müqabili olmadığına görə akseptsiz silinmə barədə müqavilə (“müqəbale”) də bağlana bilməz. Əgər akspetsiz silinməyə razılıq “kredit müqaviləsi” adlandırılan sənədin mətninə daxil edilərsə, bu, müqavilə şərti sayılmır, birtərəfli razılıq hesab olunur və istənilən zaman geri götürülə bilər.
Əslində, əmək haqqının akseptsiz silinməsinə razılıq ayrıca ərizə formasında yazılmalıdır, çünki birtərəfli iradə ifadəsidir. O cümlədən razılıq könüllü yazılmalıdır, yəni razılıq verilməsi şərtilə kredit verilməsi qanuna ziddir, çünki əmək haqqının akseptsiz silinməsi öhdəliyin icrasının təmini üsulu sayılmır. İşçi könüllü olaraq əmək haqqının 100 faiz akseptsiz silinməsinə razılıq verə bilər, bu, onun hüququdur. Əgər işçi könüllü verdiyi razılığı sonradan geri götürübsə, bu halda bank kredit borcunun tutulması üçün məhkəməyə və ya notariusa müraciət etməlidir. Məhkəmə qərarı və ya notariusun icra qeydi olarsa, icra məmuru kredit borcu üzrə tutmanı əmək haqqına yönəldə bilər. Bu zaman əmək haqqından tutmanın məbləği 50 faizdən çox ola bilməz.
Beləliklə, razılığın geri götürülməsinə baxmayaraq, bank əmək haqqından akseptsiz silinməni dayandırmasa, banka qarşı iddia qaldırıla bilər. Eyni zamanda müvəqqəti təminat tədbiri barədə ərizə verilməklə akseptsiz silinmənin dərhal banka qadağan edilməsi tələb oluna bilər.
Bundan başqa, bank akseptsiz silinməni dayandırmasa işçi əmək haqqının köçürülməli olduğu bankı başqa banka, yəni kredit borcunun olmadığı banka dəyişə bilər. Qanunvercilikdə bunu işçiyə qadağan edən norma yoxdur. RF Əmək Məcəlləsinin 136-cı maddəsində isə işçinin bu hüququ birbaşa nəzərdə tutulub: “İşçi, əmək haqqının veriləcəyi günə ən azı 15 təqvim günü qalmış, əmək haqqının köçürülməsi üçün rekvizitlərin dəyişdirilməsi barədə işəgötürənə yazılı məlumat verməklə əmək haqqının köçürülməli olduğu kredit təşkilatını dəyişməyə haqlıdır”.