6 C
Baku
Sunday, December 15, 2024

Kirayə bazarında yeni mövsüm

Bağ mövsümünün başlaması, eləcə də xarici turistlərin tətil və “Formula 1” yarışında iştirak məqsədilə ölkəyə gəlməsi kirayə ev bazarını canlandırıb.

Publika.az-a vəziyyəti şərh edən iqtisadçı ekspert Rəşad Əliyev deyir ki, bazarın seqmentləri üzrə qiymətlər il boyu ənənəvi olaraq fərqli istiqamətlərdə hərəkət edir: “Bu əsasən həmin seqmentlərə mövsümi təsirlərlə bağlıdır. Hər il olduğu kimi yay qabağı bağ evlərinin kirayə haqqı artır ki, bu da istirahət mövsümünün başlaması ilə əlaqədardır. Eyni zamanda şəhərdə ucuz mənzillər üzrə kirayə haqqı düşür. Bu da öz növbəsində tələbələrin tətilə çıxması ilə bağlıdır. Bazarda bu cür qiymət hərəkəti adi bir ənənədir. Ancaq diqqəti çəkən seqment mərkəzdə olan orta və qismən yuxarı qiymət seqmentinə aid mənzillərdir. Onlar mövsümi təsirə meylli deyillər və yaşayış üçün qismən olaraq daha yüksək standartlara malikdirlər. İstifadəçiləri də gəliri çox olan insanlardır. Belə mənzillər bəzi hallarda “sutkalıq”da verilir. İqtisadi şəraitin pisləşməsi ilə əlaqədar həmin seqment üzrə qiymətlər ancaq aşağı düşürdü. Maraqlı odur ki, belə mənzillərdən təkcə burda işləyən əcnəbilər yox, eyni zamanda qonaq gələn turistlər də istifadə edir. Məsələn, Novruz bayramına gələn İran vətəndaşları da həmin kateqoriya mənzillərdən istifadə edirlər. Turistlər tərəfindən bu cür mənzillərə tələbat artsa da, bu onların qiymət artımına səbəb ola bilmədi. Çünki, qiymətlərə mənfi təsir edən digər səbəb var”.

Ekspert hesab edir ki, kirayə bazarının ümumi vəziyyəti hazırda ürəkaçan deyil: “Bu sahədə proqnoz vermək çətinləşib. Çünki bu bazara təsir edən çoxlu sayda amillər var ki, onların bəziləri qiymət artımına təsir edir, digərləri isə azalmasına. Məsələn, aparılan söküntü işləri ilə bağlı bir çox insanlar müvəqqəti olaraq kirayə evlərə köçüblər. Söküntü işlərinin artımı da tələbatı daha da artıracaq. Eyni zamanda iqtisadi şərait qiymətlərə mənfi təsir edir”.

Son xəbərlər
Digər xəbərlər