Borcların idarə olunması sektorunda fəaliyyət göstərən “KollektA” ASC 5 milyon manat həcmində istiqraz emissiyası həyata keçirəcək.
Banker.az xəbər verir ki, emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan ümumilikdə 50 min istiqraz 1 il ərzində tranşlarla, kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında yerləşdiriləcək. Hər tranş üzrə istiqrazların sayı və ümumi nominal dəyəri yekun şərtlərlə müəyyən ediləcək.
İstiqrazların illik faiz dərəcəsi 16%, tədavül müddəti isə 18 ay müəyyən edilib. Faiz ödənişləri aylıq həyata keçiriləcək və hər istiqraz üzrə bir aylıq faiz ödənişi 1,33 manat təşkil edəcək. İstiqrazların nominal dəyəri tədavül müddətinin sonunda ödəniləcək.
Emissiyanın anderrayteri “Troni İnvestisiya Şirkəti” QSC, anderrayterin hesablaşma agenti isə “Azər-Türk Bank” ASC-dir. İnvestorların istiqrazların alınması üçün ödədikləri vəsait bankda emitentin müvəqqəti cari hesabına köçürüləcək.
2024-cü ilin oktyabrında təsis edilən “KollektA” 2026-cı ilin mayında MMC-dən ASC-yə çevrilib. Emissiya prospektində açıqlanan maliyyə məlumatlarına görə, şirkətin aktivləri 2024-cü ilin sonunda 260,8 min manatdan 2025-ci ilin sonunda 9,66 milyon manata yüksəlib. Şirkət 2025-ci ili 2,91 milyon manat xalis mənfəətlə başa vurub, cəmi kapitalı isə 8,5 min manatdan 2,92 milyon manata çatıb. 2025-ci ilin maliyyə hesabatları “Nexia Azerbaijan” tərəfindən audit edilib, 2024-cü il göstəriciləri isə audit olunmayıb.
Şirkət 2025-ci ildə 5,13 milyon manatlıq yeni problemli kredit portfeli əldə edib. Həmin il borcların yığılması nəticəsində 7,38 milyon manat vəsait daxil olub. İlin sonunda alınmış problemli kredit portfelinin balans dəyəri 4,84 milyon manat təşkil edib.
Emissiyadan əldə ediləcək vəsaitin maliyyə bazarında yeni problemli kredit portfellərinin alınmasına, borcların yığılması fəaliyyətinin genişləndirilməsinə və şirkətin bazardakı mövqeyinin gücləndirilməsinə yönəldilməsi nəzərdə tutulur. Şirkətin əsas fəaliyyəti banklardan və digər maliyyə institutlarından tələb hüquqlarının, o cümlədən POCI aktivlərinin alınması və həmin borcların yığılmasından ibarətdir.
Prospektdə şirkətin rəqabət üstünlükləri kimi 198 nəfərlik işçi heyəti, maliyyə institutları ilə əməkdaşlıq, problemli kreditlərin idarə olunması təcrübəsi və rəqəmsal həllər göstərilir, lakin konkret bazar payı açıqlanmır. Əsas risklər isə borcların gec yığılması, likvidlik çatışmazlığı, faiz və inflyasiya dəyişiklikləri, rəqabətin artması və kapital bazarlarına çıxış imkanlarının məhdudlaşması ilə bağlıdır.
“KollektA”nın səhmdarları arasında Mədəd Rüstəmov və Camal Aydınovun hər birinin 40%, Rəşad Səlimovun isə 20% payı var. Şirkətin hazırda 4 100 manat olan nizamnamə kapitalının 205 min manat artırılaraq 209 100 manata çatdırılması planlaşdırılır.







