11 C
Baku
Tuesday, November 5, 2024

Koreya Azərbaycana səyyar COVID-19 müayinə köşkü ianə edib

Koronavirus (COVID-19) pandemiyasının qarşısının alınmasına dəstək məqsədilə Koreya hökuməti Azərbaycana 3 ədəd Səyyar COVID – 19 Müayinə Köşkü ianə edib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, noyabrın 3-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında humanitar yardımın qəbulu mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycandakı Nümayəndəliyinin ölkə üzrə direktoru Kumok Park iştirak ediblər.

Nigar Bayramova Koreya hökumətinə öz təşəkkürünü bildirib: “Bu addım Koreya hökumətinin müxtəlif şəraitlərdə, xüsusilə pandemiyaya qarşı mübarizə şəraitində dost ölkələrə dəstəyini nümayiş etdirir. Müayinə köşkləri vasitəsilə tibb işçiləri daha az risk altında olacaqlar”.

Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op öz növbəsində bildirib ki, Koreya hökuməti COVID-19 pandemiyası ilə mübarizə tədbirlərində hər zaman Azərbaycan hökumətinə öz dəstəyini göstərməyə hazırdır. Onun sözlərinə görə, müayinə köşkləri xəstə ilə test götürən arasındakı təması sıfıra endirməyə, sosial məsafə normalarına riayət etməyə, fərdi mühafizə vasitələrinə ehtiyacın azaldılmasına və vaxt itkisinin aradan qaldırılmasına kömək olacaq.

Qeyd edək ki, yığcam və daşınma üçün münasib olan müayinə köşkləri Heydər Əliyev adına Beynəlxalq Hava Limanında quraşdırılacaq.

Məlumat üçün bildirək ki, bundan əvvəl Koreya hökuməti tərəfindən COVID-19 pandemiyası ilə mübarizə məqsədilə Azərbaycana 350 min ədəd qoruyucu KF94 maskası təhvil verilib.

Son xəbərlər
Digər xəbərlər