21 C
Baku
Thursday, April 25, 2024

“Koronavirus” Azərbaycan bank sisteminə necə təsir edir?

Heç kim üçün artıq sirr deyil ki, bütün dünyada olduğu kimi, COVİD-19 virusu Azərbaycanda da fəaliyyət göstərən biznesləri iflic səviyyəsinə salmışdır. Azərbaycanda bu təsir bəlkə də daha ağır oldu. Çünki həm bizneslərə yardım paketinin həcminin digər ölkələrlə müqayisədə aşağı  və qısa müddətli olması (bizneslərin çoxuna yalnız başlanğıc dövr üçün yardım olundu), və sonradan karantinlə verilmiş qərarların səhvliyi ucbatından ölkədə infeksiyanın yayılmasının ikinci dalğasının başlanması ilə əlaqədar daha sərt məhdudiyyətlərin tətbiqi ilə bağlıdır. Digər ölkələrlə müqayisədə, Azərbaycan biznesinin bir çox sahələri artıq 5-ci aydır ki, fəaliyyətini dayandırıblar. Bu isə təbii ki, bu sahələrdə çalışan sahibkarlardan tutmuş, orada işləyən işçilərin gəlir və əmək haqqı almaması ilə nəticələnib. Sahibkarların bir qismi stabil xərclərdən olan vergi (həmçinin sosial ödənişlər), icarə haqqları və s. kimi ödənişləri etməkdə davam edirlər.

Ümumi biznes mühitinin pisləşməsi fonunda bank sektorunda geriləmə hələki sərt formada getmir. Bunun bir neçə səbəbi vardır. Birincisi, bankların fəaliyyətinə məhdudiyyət qoyulmamışdır – amma buna baxmayaraq, bank müştərilərinin çoxunun gəlir mənbəyi azaldığından və ya ümumiyyətlə dayandığından bankların çoxu kreditlər verə bilmir. ( bəzi banklar aprel ayından kreditləşməni tam dayandırıb) Bu bankların çoxu hələki Mərkəzi Bank tərəfindən xeyli məhdudlaşdırılmış valyuta satışından və digər bank əməliyyatlarını həyata keçirməklə  “dolanırlar”. Digər səbəb isə, bank sisteminin gəlir modelinin digərlərindən fərqli olmasıdır. Məlum məsələdir ki,  banklar krediti bir neçə il müddətinə verir və onun gəlirini (faiz hissəsini)  hər ay ödəniş formasında müştəridən yığır. Pandemiya dövründə Mərkəzi Bankın banklara tövsiyə xarakterli məktubu olmuşdur ki, onlar gəlirləri azalmış şəxslərə müəyyən güzəştlər etsinlər. Lakin bu hal kütləvi xarakter almadı. Yəqinki bu daha çox bankların öhdəliklərinin çox olması və o öhdəliklərdə hər hansı bir güzəştlərin edilməməsi ilə bağlı idi.  Odur ki, banklar hələ əvvəl verilən kreditlərin ödənişləri hesabına hələki ayaqda dayana bilirlər. Lakin, aydın məsələdir ki, bu prosesin uzun müddət davam etməsi onların işində ciddi problemlərlə nəticələnə bilər. Banklar mütləq qaydada kreditləşməni bərpa etməlidirlər ki, onların gəlirləri aşağı düşməsin.

Bankların 2019-cu ilin 4-cü rübündən 2020-ci ilin 2-ci rübünün sonuna olan əsas maliyyə göstəricilərindəki dəyişikliklərdən hər şey aydın görünür. Geriləmələr hələki çox sürətli olmasa da, artıq gözə çarpmaqdadır. Bu geriləmələr 3-cü rübdə də davam edərsə,  onun sürəti, problemli kreditlər hesabına daha da arta bilər.

Picture1 1

Unutmaq lazım deyil ki, banklar istehlak kreditlərini daha çox dövlət qurumlarının əməkdaşlarının rəsmi əmək haqqılarına əsasən veriblər və hələki o şəxslərin işləmələri (işə getməsələr də çoxu əmək haqqı almaqda davam edir) problemli kreditlərin bu sahədə artımını sürətləndirən deyildir. Burada problem daha çox kiçik və orta sahibkarlıq subyektlərində işləyən şəxslərin ixtisarı nəticəsində baş verə bilər. Kiçik və orta sahibkarlıq subyektlərinin biznes kreditləri kimi riskləridə çox yüksəkdir. Bəzi sahələrdə 5 aydır işin dayanması onların demək olar ki, bu aylar ərzində kredit ödənişlərinin dayanması deməkdir. Düzdür, bu riskləri 2015-ci ildə 2 dəfə baş vermiş devalvasiya ilə müqayisədə  aşağı qiymətləndirmək olar, amma itkilər qaçılmazdır.

Hər kəsi düşündürən bir sual da vardır – biznes və banklar əvvəlki durumlarına nə vaxt qayıda biləcək? Mütəxəssislərin proqnozlarına əsasən, pandemiyanın hələki yaxın yarım il ərzində yox olması gözlənilmir. Əlavə olaraq, ölkədə olan  bütün məhdudiyyətlər tədricən aradan qaldırılacaqdır. Buna baxmayaraq, bütün böhranlarda olduğu kimi, hətta infeksiya tam aradan qaldırıldıqdan sonra insanlarda bir müddət ehtiyat, yığıma meyilli vərdişləri olacaqdır ki, onun da yenidən böhrandan əvvəlki səviyyəsinə qayıtması üçün azı bir neçə ay vaxt tələb olunacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər