İndi virusoloqlar qədər güclü psixoloqlara da ehtiyac var.
Koronavirus haqqında çox yazıldı, çox deyildi. Hər kəs fikir bildirməyə çalışdı, nəticədə informasiya kirliliyi yarandı. Qlobal səviyyədə də, ölkəmizdə də… Səhvlər də çox oldu. Həm qlobal səviyyədə, həm də ölkəmizdə.
Havaların isinməsinə baxmayaraq virusun şiddətlə yayılmasının şahidi olduq.
Hələ yanvar ayının ilk günlərindən bu virusun yayılmasını izləyən, ölkəmizə ilk dəfə yayılmağa başladığı günlərdən fikirlərini bildirən bir şəxs kimi (lakin bundan sonra yorucu olmaması üçün bu mövzuya qayıtmamağa çalışaraq) may-iyun aylarında baş verənlərlə bağlı düşüncələrimi qeyd etmək istərdim:
– hələ fevral ayında yazdığım statusda xalqımızın ənənələrinin nəzərə alınaraq tədbirlər görülməsini qeyd etmişdim. Yas, toy, ad günü və sair adət etdiyimiz yığıncaq mərasimlərinin təhlükəli olacağı qeyd olunmuşdu. Təəssüf ki, bircə toyların qarşısını ala bildik;
– ultrabənövşəyi şüaların bu virusu məhv etməsi aksiomadır. Deməli, bu virusun əsas düşmənlərindən biri günəş şüalarıdır. Amma virusun indi daha geniş yayılmasının əsas səbəblərindən biri qapalı məkanlarda kondisionerlərin işlədilib 20-22 dərəcə temperaturda maskalardan və spirtdən istifadə olunmaması və arxayınçılıq damcı yolu ilə yayılan bu virus üçün münbit şərait yaratdı;
– dünya iqtisadiyyatının ən bəsit işləmə mexanizmlərindən xəbərləri olmayanların konspiroloji nəzəriyyələrlə əhalini çaşdırması virusun olmaması haqqında bəzi vətəndaşlarda yanlış fikir yaratdı. Hər nə qədər ciddi maliyyə əməliyyatları, yeni iqtisadi formasiyaya hazırlıqlar getsə də, bu virusun olmaması demək deyildir;
– istər dünyada, istərsə də ölkəmizdə kifayət qədər güclü virusoloqların olmaması, mövcud olan güclü virusoloqların isə bu virusa qarşı hazırlıqlı olmaması ciddi xaosun yaranmasına səbəb oldu;
– təəssüf ki, bu dövrlərdə psixoloqlar da öz sözlərini lazımi səviyyədə deyə bilmədilər. Nəticədə həm psixoloji problemlər, həm ziddiyyətli fikir və məqamlar, həm də qeyri-adekvat hərəkətlər yayılmağa başladı;
– əhalini məsuliyyətsizlikdə günahlandıranları az qala linç etməyə hazır olanlar (çoxları sonradan bu məsuliyyətsizliklərdən daha çox şikayətlənməyə başladılar) əslində məhz əhaliyə kömək deyil, onları arxayınlaşdırmaqla pislik etdiklərinin fərqini görə bilmədilər;
– birinci karantindən sonra yumşalmaların mərhələli olması, hər mərhələdən sonra ölçmə-analizlərin aparılması və yalnız bundan sonra nəticələrə uyğun olaraq növbəti yumşalmaların mümkün ola biləcəyi vacib idi. (Arb24 kanalında “Pandemiya gündəliyi” verilişində bu məqamları qeyd etdiyim üçün təkrara yol verib təfsilatlı yazmıram).
– yazılarımdan birində təəssüf ki, Ümumdünya Səhiyyə Təşkilatının bir-birinə zidd bəyanat, məlumat, proqnoz səsləndirməsi, bütün bunların ciddi fəsadlar verməsi və gələcəkdə də verə biləcəyini təşkilatın səsləndirdiyi ziddiyyətli fikirlərin qısa təhlili ilə qeyd etmişdim. Sadəcə olaraq, nəzərə alaq ki, bu proses indi də təəssüf ki, davam edir;
– yayılma sürəti, test sayı, yoluxma sayı fərqli məsələlərdir və statistik təhlillər zamanı da fərqli yanaşmların olmaması virusun sürətlə yayılmasında rol oynayan amillərdən birinə çevrildi;
– düşündürücü məqamlardan biri də bəzi sadə həqiqətlərin təbliğ olunmaması, aylar sonra hansısa ölkənin alimlərinin bunu kəşf etməsi kimi qələmə verilməsidir. Məsələn, duzlu su ilə boğazın qar-qara edilməsi maska və spirt qədər effektlidir. Çünki, virus insana keçdikdən sonra ciyərlərə keçməzdən öncə bir neçə saata yaxın boğazda qalır. Duzlu su isə bu virusu ya məhv edir, ya da təsir dərəcəsini azaldır. Bu barədə fevral-mart aylarındakı yazılarımda qeyd etmişəm. Hələ indi “aydın olur” ki, alimlər bunu tam olaraq sübut ediblərmiş. Onsuz da bunu öncədən həkimlər də deyirdilər. Amma maska və spirt qədər əhəmiyyətli olduğunu təbliğ etmədən. Təbii ki, 3 ay ərzində bir neçə veriliş istisna olmaqla;
– nəticə etibarilə, məhz informasiya kirlilyi sadə məsələləri də kölgədə qoydu. Ölkədə müxtəlif yerlərdə yaranan növbələr, müxtəlif mərasimlər, virusun yaratdığı fəsadların maksimum yumşaq şəkildə təqdim olunması kimi əsas riskli məqamlar təəssüf ki, kölgədə qaldı.
– bundan sonrakı dönəmlərdə əsas yük iqtisadi sahənin (virusun qlobal və lokal səviyyələrdə iqtisadiyyatlara təsirləri düşündüyümüzdən 5-10 qat çox olacaq. Gecikmiş və multiplikativ təsirlər effektlərinin tam hesablanması çətindir; yeni iqtisadi formasiyanın isə dərk olunaraq həmin formasiyaya hazır olmaq da başqa aktual məsələdir), texnologiya sahəsinin (5G teznologiyası əksər dövlətlərdə informasiya təhlükəsizliyi, dövlət sirri kimi məsələlərdə risklər yaradacaq), o cümlədən psixoloqların (insanlara psixoloji təsirləri də çoxdur və bu özünü virusdan sonrakı dövrlərdə daha çox büruzə verəcək. Ciddi amildir. Məhz bu amildən sui-istifadə halları da ola bilər) üzərinə düşəcək.
– nəhayət, baş verənləri anlayaq deməyimiz doğru olmaz. Məsələlər mürəkkəb, dərin və başgicəlləndirici dərəcədə əhatəlidir. Əgər bu virusa qalib gəlmək istəyiriksə, pafossuz və sensasiya ardınca qaçmadan sadəcə olaraq doğmalarımızın xatirinə özümüzü qoruyaq ki, onlara da zərər vurmayaq..
Elman Sadıqov, iqtisadçı-ekspert