10 C
Baku
Friday, December 13, 2024

Koronavirusun yeni təhlükəli ştamı Azərbaycanda da aşkarlanıbmı? – RƏSMİ

“Hazırda Azərbaycanda koronavirus pandemiyası ilə bağlı epidemoloji nəzarət altındadır. Hər zaman qeyd etdiyimiz ki, mutasiyalar viruslara xas xüsusiyyətdir. Yəni yeni ştamların meydana çıxması gözlənilən prosesdir”.

Bunu açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, Azərbaycan da dünyadan təcrid olunmuş ölkə deyil: “Bütün dünya ölkələri ilə inteqrasiya olunan dövlətik. Bu səbəbdən yeni mutasiyaların Azərbaycana gəlməsi və yayılması mümkün olan haldır. Ölkədə yeni mutasiyaların təyin olunması üçün bütün imkanlar mövcuddur. Azərbaycanda yeni ştam aşkarlandığı təqdirdə bununla bağlı məlumat dərhal ictimaiyyətə təqdim olunur”.

Y.Qarayeva əlavə edib ki, virusla mübarizə aparmaq üçün qorunma üsullarında heç bir dəyişiklik yoxdur: “Mutasiya baş verdiyi halda bu nə xəstəliyin profiliaktikasına, nə də müalicəsinə təsir etmir. Xəstəlikdən qorunmaq üçün qapalı məkanlarda maskalardan istifadə etməli, mümkün qədər kütləvi yerlərdən uzaq durmalı, fiziki məsafə qorunmalı, tez-tez əllər yuyulmalı və dezinfeksiya edilməlidir.

Ən önəmlisi isə əhalinin kütləvi vaksinasiya prosesində iştirak etməsidir. Bununla bağlı çağırışlarımızı və tövsiyələrimizi vermişik. Qış mövsümünə hazırlıq olaraq vaxtı çatan və tövsiyə olunan qruplarda üçüncü doza vaksinin vurulması mütləq tövsiyə olunur”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrika Respublikası və Botsvanada aşkar edilən, potensial sürətlə yayılan COVID-19-un yeni və ən təhlükəli ştamını müzakirə etmək üçün bu gün təcili iclas çağırıb. Böyük Britaniya alimləri Botsvanada 32 mutasiyanı ehtiva edən koronavirus ştamının peyda olması barədə xəbərdarlıq ediblər. Mutasiyaların çoxu onun yüksək ötürülmə qabiliyyətini və peyvəndlərə qarşı güclü müqavimətini göstərir, ştamın bütün digər COVID-19 variantlarına nisbətən sünbül zülalında daha çox dəyişikliklər var.

Cənubi Afrika Respublikasının Milli Yoluxucu Xəstəliklər İnstitutu daha sonra yeni ştamın Cənubi Afrika Respublikasında aşkarlandığını, indiyə qədər 22 yoluxma halını təsdiqləyib. B.1.1.529 adlı yeni COVID-19 ştamı ilə 10 yoluxma müəyyən olunub. Mutasiyalar zəif immun sistemi olan, o cümlədən HİV və ya QİÇS xəstələrini daha tez yoluxdurur.

Son xəbərlər
Digər xəbərlər