“Bank Standard”ın Kreditorlar Komitəsinin yekdil qərarı ilə sədr Əkrəm Həsənov “KPMG” audit şirkəti ilə bağlı Auditorlar Palatasına, eləcə də İsveçrə və Niderland səfirliklərinə məktub göndərib. Bu barədə hüquqşünas öz Facebook səhifəsində açıqlama verib.
“Məlum olduğu kimi, ölkə tarixində müflis olmuş 2 ən iri şirkətin (“Bank Standard” və “Texnikbank”) kənar auditoru məhz KPMG olub. Nəticədə həmin banklara pulunu etibar etmiş şəxslər 1 mlrd. manatdan çox vəsaitini itirmək təhlükəsi ilə üzləşib. Üstəlik həmin bu KPMG maraqlar münaqişəsinə baxmayaraq “Bank Standard”ın qalıq əmlakını da qiymətləndirib və buna görə əlavə haqq da alıb. KPMG-nin Azərbaycandakı fəaliyyəti ciddi araşdırılmalıdır! Bu baxımdan Auditorlar Palatasının və sözügedən ölkələrin də işə qarışması vacibdir.” – deyə Həsənov bildirib.