Kredit kartlarının faizləri yüksəlir, Mərkəzi Bank nə deyir?

Azərbaycanda kredit kartları üzrə orta faiz dərəcəsi 2026-cı ilin ikinci rübünün sonunda 27% səviyyəsində dəyişməz qalıb. Bununla belə, kredit kartlarının sayı azalmağa davam edib və tənzimləyicinin ötən ildən tətbiq etdiyi məhdudiyyətlərin təsiri bazarda hiss olunmaqdadır.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumatlara istinadən xəbər verir.

2026-cı il iyunun 30-na kredit kartları vasitəsilə verilən istehlak kreditləri üzrə sektorun orta faiz dərəcəsi 27% təşkil edib. Bu göstərici ilin birinci rübü ilə müqayisədə dəyişməsə də, 2025-ci ilin sonundakı 26%-lik səviyyədən 1 faiz bəndi yüksəkdir və son illərin ən yüksək göstəricilərindən biri olaraq qalır.

Digər istehlak kreditləri üzrə orta faiz dərəcəsi 21% səviyyəsində sabit qalıb. Məişət avadanlıqlarının alınması ilə bağlı kreditlər üzrə orta faiz 26%, yaşayış sahəsinin təmiri kreditləri üzrə 18% olaraq dəyişməyib. Avtomobil kreditləri üzrə isə orta faiz dərəcəsi ilin ikinci rübündə 13%-dən 14%-ə yüksəlib.

65576

Faizlərin yüksək qalması ərəfəsində kredit kartlarının sayı azalmağa davam edir. Mərkəzi Bankın statistikasına əsasən, iyun ayının sonunda dövriyyədə olan kredit kartlarının sayı 2 milyon 45 min ədəd olub. Bu, 2025-ci ilin sonundakı 2 milyon 77 min ədədlə müqayisədə 32 min və ya 1.5% azdır. Müqayisə üçün, kredit kartlarının tarixi maksimumu 2025-ci ilin aprel ayında qeydə alınıb və həmin vaxt bu göstərici 2 milyon 288 min ədədə çatmışdı. Beləliklə, pik səviyyə ilə müqayisədə kredit kartlarının sayı 243 min və ya təxminən 10.6% azalıb.

Xatırladaq ki, Mərkəzi Bank ötən ilin üçüncü rübündə istehlak kredit kartları üzrə borclanmanın daha məsuliyyətli aparılması məqsədilə yeni makroprudensial tələblər tətbiq edib. Dəyişikliklərə əsasən, borcalanın kredit kartı limiti onun xalis vergidən sonrakı aylıq gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılıb. Tənzimləyici bu addımın izafi borclanmanın qarşısının alınmasına, bankların kapital dayanıqlığının gücləndirilməsinə və kredit risklərinin daha erkən mərhələdə idarə olunmasına xidmət etdiyini bildirib.

4354535

Mərkəzi Bankın sədri Taleh Kazımov da ötən gün “AzTV” və “APA TV”yə müsahibəsində vurğulayıb ki, kredit faizləri inzibati qaydada müəyyən edilmir və bazar tərəfindən formalaşır.

Onun sözlərinə görə, “Mərkəzi Bank administrativ olaraq faizləri idarə etmir. Kreditlər üzrə faizlər özü formalaşmalıdır, bazar müəyyən etməlidir. Biz pulun maya dəyərinə təsir edirik və öz uçot dərəcəmiz vasitəsilə faizləri azaldanda manatın maya dəyəri də düşür. Bu da ümumi kredit faizlərinə təsir edir.”

Kazımov əlavə edib ki, hazırda bankların cəlb etdiyi vəsaitlərin orta maya dəyəri təxminən 9% təşkil edir və bunun üzərinə əməliyyat xərcləri, kredit riski və bank marjası əlavə olunduğundan kredit faizlərinin ikirəqəmli səviyyədə formalaşması qaçılmazdır. O, həmçinin qeyd edib ki, son illərdə kredit faizlərində 1-4 faiz bəndi həcmində dəyişikliklərin kreditləşmənin artım tempinə ciddi təsir göstərmədiyini, lakin bank sektorunda rəqabətin artırılmasının faizlərin formalaşmasına daha mühüm təsir göstərə biləcəyini bildirib.

AMB sədri Taleh Kazımov istehlak və biznes kreditlərinin tənzimlənməsinə yanaşmanın fərqli olduğunu da vurğulayıb. Onun sözlərinə görə, Mərkəzi Bank istehlak kreditləşməsində kifayət qədər sərt prudensial siyasət yürüdür, lakin biznes kreditləri üzrə eyni yanaşma tətbiq edilmir: “Desək ki, istehlak kreditləşməsində Mərkəzi Bank sərtdir, mən əminliklə deyə bilərəm ki, bəli, sərtik. Bildiklərimə əsasən deyə bilərəm ki, istehlak kreditləşməsində ən sərt Azərbaycan Mərkəzi Bankıdır. Biznes kreditləşməsində biz sərt deyilik, əksinə, çox yumşaq yanaşırıq.” Kazımov bu səbəbdən biznes kreditlərinin stimullaşdırılması üçün prudensial tələblərin daha da yumşaldılması ilə bağlı səsləndirilən fikirlərlə razı olmadığını bildirib.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər