6 C
Baku
Sunday, December 15, 2024

Kredit ödəyən yoxdur, əksəriyyət gözləyir…

Konstitusiya Məhkəməsinin qərarını ertələməsi bankların durumunu daha da pisləşdirir

Keçmiş nazir problemli kreditlərin təhlükəli olmadığını, iqtisadçı ekspert isə əksini deyir

Ölkədə vaxtı keçmiş kreditlərlə bağlı problem kritik həddə çatıb. Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın ilin birinci rübünə olan məlumatına görə, problemli kreditlərin həcmi 1 milyard 213 milyon manata yüksəlib və ya ümumi kredit portfelinin 5,9 faizini təşkil edir. Fevral ayındakı devalvasiyadan sonra daha kritik vəziyyətin yarandığının şahidi oluruq.

Əgər ilin əvvəlində müştərilər tərəfindən banklara qaytarılmayan vəsaitlərin həcmi 976,3 milyon manat idisə, mart ayında 1 milyard 213 milyon manata qədər yüksəlib. Manatın 33 faizlik devalvasiyasından sonra dollarla götürülən kreditlərin qaytarılmasında ciddi problemlər meydana çıxıb. Ekspertlərin fikrincə, ilin sonuna kimi problem daha da dərinləşə bilər. Belə olan halda vaxtı keçmiş kreditlər bank sektorunda hansı problemləri yarada bilər?

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, sabiq maliyyə naziri Fikrət Yusifov şərhində bildirdi ki, ölkənin bank sistemində problemli kreditlərin xüsusi çəkisi ümumi kredit qoyuluşunda çox böyük çəkiyə malik deyil: “Problemli kreditlərin səviyyəsini təhlil edərkən, ilk növbədə onların ümumi kredit qoyluşundakı xüsusi çəkisini müəyyən etmək vacibdir. Əgər biz bu gün “Azərbaycanın bank sistemində problemli kreditlər 1,2 milyard manatı keçib” deyiriksə, onda bunun bank sistemimiz üçün nə qədər təhlükəli olub-olmadığını daha dərindən araşdırmalıyıq. İlk baxışda bu rəqəm bizə heç nə vermir”.

İqtisadçı konkret rəqəmlərlə və müqayisəli təhlillə fikrini belə əsaslandırdı: “Bəli, bu gün problemli kreditlərin fiziki həcmi 1,2 milyard manatı ötür və bu 20,6 milyard manat ümumi kredit qoyuluşunda xüsusi çəki etibarı ilə 5,9 faiz təşkil edir. İndi gəlin baxaq, 10 il öncə bu sahədə vəziyyət necə idi? 2005-ci ildə ölkəmizin bank sektoru üzrə ümumi kredit qoyuluşu 1,4 milyard manat olub, vaxtı keçmiş kreditlər isə 68 milyon manatı və ya ümumi kredit qoyuluşunun 4,7 faizini təşkil edirdi. Yəni 10 il ərzində bank sektoru üzrə kredit qoyuluşu təqribən 15 dəfə, problemli kreditlərin həcmi isə 1 faizdən bir qədər çox artıb. Mən bunu təbii hal hesab edirəm”.

F.Yusifovun fikrincə, burada bank sistemi üçün ciddi narahatlıq törədə biləcək heç nə yoxudr: “Lakin bütün hallarda arxayınlaşmaq olmaz. Banklar problemli kreditlərin azalması uğrunda daim iş aparmalıdırlar və bu istiqamətdə son dövrlər ciddi işlər gedir.

Müqayisə üçün bildirim ki, 2014-cü ilin yekunlarına görə, Rusiyada problemli kreditlər ümumi kredit qoyuluşunda 8 faiz təşkil edib və ilkin hesablamalarla cari ildə bu rəqəm 23 faizə qədər yüksələcəkdir. Əgər cari ildə Rusiyada proqnozlaşdırılan makroiqtisadi sabitlik əldə edilə bilməsə, onda daha pis bir ssenari ilə bu rəqəmin 40 faizə qədər yüksələcəyi gözlənilir”.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev isə qeyd edir ki, statistik məlumatlar vəziyyətin çox da kritik olmadığını göstərir: “Ancaq reallıq başqadır. Geri qayıtmayan kreditlərin həcmi rəsmi məlumatlardan dəfələrlə çoxdur. Problemli kreditlərin payı təhlükəli həddi keçib. Bu gün ölkə üzrə problemli kreditlərin payının ikirəqəmli olmasını çəkinmədən deyə bilərik. Apardığımız müşahidələr və analizlər bu fikri təsdiq edir. Hətta elə banklar var ki, onların kredit portfelinin az qala yarısı problemlidir. Ölkənin kredit bazarının üçdə birinə sahib olan Beynəlxalq Bankın zərərli kreditlərinin həcmi ilə bağlı məlumatları göstərmək kifayətdir ki, vəziyyətin nə qədər ağır olduğunu dərk edək. Təxmini hesablamalar göstərir ki, ölkə üzrə problemli kreditlərin payı 20 faizdən çoxdur. Bu, artıq kritik həddir”.

S.Əliyev əlavə edir ki, mövcud böhranı heç də təkcə devalvasiya ilə əlaqələndirmək düzgün olmazdı: “Problem başlanğıcını kredit portfelini sürətlə artıran bankların risk menecmentini düzgün qurmamasından götürüb. Onların ən böyüyü Beynəlxalq Bankdır. Çünki Beynəlxalq Bank illərlə qüsurlu və riskli kredit siyasəti aparıb. Bu bankın kredit portfelinin şişməsi paralel olaraq problemli kreditləri şişirdib. Mərkəzi Bankın açıqlamalarının əksinə olaraq problemli kreditlərin istehlak yox, məhz biznes kreditlərinin hesabına artdığını həmişə vurğulamışıq. Günahkarın sadə vətəndaş yox, iri sahibkarlar olduğunu bildirmişik. Nəticə göz qabağındadır. Təbii ki, bu işdə son nöqtəni devalvasiya qoydu. Manatın dəyərini 35 faiz itirməsi dollar kreditlərinin ödəniş məbləğini birdən-birə 35 faiz artırdı. Təsadüfi deyil ki, təkcə fevral ayında dollar kreditləri üzrə problemli kreditlərin həcmi 55 faiz artdı. Banklar 5 milyard manatlıq valyuta kreditini restrukturizasiya etməli oldular. Onların müddəti uzadıldı, faiz dərəcələri bir neçə bənd aşağı salındı. Ancaq bu addım problemi həll edə bilmədi. Səbəb isə Konstitusiya Məhkəməsinin mayın 7-də nəzərdə tutulan iclası idi. Əhalinin Konstitusiya Məhkəməsinin onların xeyrinə qərar çıxaracağı kimi ümidləri gözləmə mövqeyinə keçirtdi və bu da ödəmənin davamiyyətinə ciddi təsir göstərdi. Hazırda əhali və sahibkarlar ödənişi dayandırıblar və qərarı gözləyirlər. Konstitusiya Məhkəməsinin qərarının gecikməsi ödənişlərdə problemlər yaradır”.

Ekspert hesab edir ki, bank sektoru neftin ucuzlaşmasından və devalvasiyadan böyük zərbə alıb: “İkinci devalvasiya bu sistem üçün öldürücü ola bilər. Kredit qoyuluşu zəifləyib. 1-ci rübün nəticələri göstərir ki, əksər bankların faiz gəlirləri kəskin aşağı düşüb. Bu da onların mənfəətinin azalmasına, zərərinin artmasına səbəb olacaq. Bir tərəfdən manat qıtlığı, digər tərəfdən aktivlərin zərərinin artması bankları kredit şərtlərini sərtləşdirməyə sövq edəcək. Artıq bu tendensiya müşahidə edilir. Əziyyət çəkənsə ölkə iqtisadiyyatı olacaq”.

Bizim Yol

Son xəbərlər
Digər xəbərlər