Azərbaycanda milli valyutada banklar tərəfindən cəlb olunmuş əmanət və verilmiş kreditlər arasında ən böyük “uçurum” olan iqtisadi rayonlar açıqlanıb. Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının 1 avqust tarixinə olan rəqəmlərinə istinadən xəbər verir.
Məlum olub ki, ən böyük fərqlə Yuxarı Qarabağ iqtisadi rayonu durub. Bu iqtisadi rayonda manatda əmanətlər ortalama 1.5% ilə cəlb edilir və kreditlər isə 24.1% ilə əhaliyə verilir. Buradan isə kredit ilə depozit arasındakı marja fərqi 22.6% bəndi təşkil edib.
Digər ikinci sırada Dağlıq Şirvan iqtisadi rayonu durur. Bu iqtisadi rayonun ərazisində əmanətlər 3.2% ilə qəbul edildiyi halda kreditlər ortalama 21.5% ilə müştərilərə verilib. Bu isə öz növbəsində 18.3 faiz bəndi marja deməkdir.
Orta statistik ən aşağı fərq Bakı şəhərində müşahidə edilib. Paytaxtda əmanətlər 5% ilə cəlb edilib, kreditlər isə 11.6% ilə təqdim edilib. Nəticədə 6.6 faiz bəndi ortada fərq yaranıb.