Hollandiyada N = 5 reklam agentliyi evsiz və küçədə yaşayan insanlar üçün ödəniş terminalı ilə təchiz edilmiş gödəkçələr yaradıb. Stock News nəşrinin verdiyi məlumata görə, bu gödəkçələr Amsterdam sakinlərinə təmassız bank kartları ilə sədəqə verməyə imkan verəcək.
Bu yeniliyin müəllifləri belə hesab edir ki, nağdsız ödənişlərin populyarlığının artması evsiz və küçədə yaşayan səfil insanların həyatını çətinləşdirib. Çünki adətən ətrafdan keçən insanların üzərində nağd vəsait olmur və dilənməklə “çörək pulu” qazanmaq artıq mümkünsüz hala çatıb.
Ödəniş terminalı ilə təchiz edilmiş gödəkçə bu problemi aradan qaldırır. 1 avro dəyərində sədəqə vermək üçün təmassız bank kartını gödəkçəsinin üzərində yerləşdirilmiş terminala yaxınlaşdırmaq kifayətdir.
Yığılmış pullar isə evsizlərə yardım mərkəzinin hesabına köçürülür. Bildirilir ki, mərkəzin əməkdaşları evsizlərin həmin pullarla spirtli içki və yaxud narkotik maddə almaqlarına mane olmaq üçün onlara nəzarət edirlər.
Agentlik bu gödəkçənin bir neçə prototipini yaradıb və onları amsterdamlı evsizlərə paylayıb. Əgər sınaq mərhələsi uğurla baça çatarsa, layihə genişləndiriləcək.