8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda son yarım əsrin ən böyük dəmiryolu körpüsü istifadəyə verildi

Kür çayı üzərində inşa edilən, Azərbaycanda son yarım əsrin ən böyük dəmir yolu körpüsü istifadəyə verilib.

Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində tikilən körpü Ələt-Horadiz-Ağbənd dəmir yolu xəttini birləşdirir.

Ələt-Horadiz-Ağbənd dəmir yolu xəttinin Ələt-Osmanlı xəttində inşa edilən körpüdə artıq qatarların hərəkətinə icazə verilib. Körpünün tikintisi 44 günlük Vətən müharibəsindən sonra aktuallaşıb. İşğaldan azad olunan Qarabağ və sərhədyanı rayonların iqtisadiyyatının inkişafına böyük töhfə olan nəqliyyat və yol infrastrukturunun bir hissəsi olan körpü beynəlxalq standartlara cavab verən səviyyədə inşa edilib.

Körpünün tikintisinə ötən ilin iyun ayında başlanılıb. Körpünün uzunluğu 270.58 metr, eni 5.7 metrdir. 4 aşırımlı körpünün orta aşırımlarının uzunluğu 111.4 metr, kənar aşırımların uzunluğu isə 18.7 metrdir.

Paralel olaraq körpüyə birləşəcək yeni dəmir yolu xəttinin çəkilməsi istiqamətində də tikinti işləri görülür. Təxminən 100 il əvvəl – 1925-ci ildə inşa edilən və qəzalı vəziyyətə düşən mövcud körpünün sökülməsinə start verilib. Körpünün əsas tirləri korroziyaya uğrayıb, əsas tirlərin birləşən hissələrində çatlar, qopmalar, bəzi hissələrdə tam qopmalar var.

Eyni zamanda körpünün konstruksiyasının uzunömürlülük və yükgötürmə qabiliyyətini aşağı salan qüsurlar aşkar edilib. Körpünün qeyri-kafi vəziyyəti onun yenidən qurulmasını labüd edib. Hazırda körpüdə yenidənqurma işləri aparılır. Artıq 2 nəhəng fermadan ibarət olan mövcud körpünün 50%-i sökülüb.

Mövcud körpünün yerindəki körpü də 2 böyük və 2 kiçik aşırımdan ibarət olacaq. İkinci körpünün gələn ilin mart ayına qədər təhvil verilməsi gözlənilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova bildirib ki, Ələt-Horadiz-Ağbənd dəmir yolu xəttinin gələcəkdə iki xətli olması planlaşdırılır.

Bu layihə çərçivəsində Ələt-Horadiz-Ağbənd dəmir yolu xəttinin Ələt-Osmanlı mənzilində, Kür çayının Şirvan şəhərindən keçən hissəsində 2 körpünün tikintisinə ehtiyac yaranıb.

Onun sözlərinə görə, müayinə və sınaq işləri nəticəsində digər körpüdə olan əsas tirlərin korroziyaya uğradığı məlum olub. Bundan əlavə, əsas tirləri birləşdirən hissələrdə qopmalar, çatlar əmələ gəlib. Bütün bu hallar sözügedən körpünün yenidən qurulmasını labüd edib. Hazırda körpüdə yenidənqurma işləri aparılır.

Qeyd olunub ki, 1925-ci ildə inşa edilən əvvəlki körpü öz dövrünün tələblərinə uyğun olaraq daha az yükgötürmə qabiliyyətinə uyğun olub, müasir körpü isə yükgötürmə qabiliyyətinə görə və eyni zamanda qatarların sürət həddinə uyğun hazırlanıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər