26 C
Baku
Friday, April 19, 2024

Ləğv edilən e-qaiməyə görə dəqiqləşmələr

Sahibkarların əməli fəaliyyət zamanı rastlaşdıqları məsələlərdən biri də ləğv edilən e-qaimələrlə bağlı atılmalı olan addımlardır.

Banker.az xəbər verir ki, mövzunu iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir.

Vergi Məcəlləsinin 174.2-ci maddəsinə əsasən, bu Məcəllənin 163-cü maddəsində göstərilən hallarda ödənilməli olan ƏDV-nin məbləği vergi ödəyicisinin bəyannamədə göstərdiyi ƏDV-nin məbləğindən artıq olduqda, artıq məbləğ bu Məcəllənin 163.1-ci maddəsində göstərilən halların yarandığı hesabat dövrü ərzində ödənilməli olan ƏDV sayılır və bu Məcəllənin 174.1-ci maddəsinə uyğun olaraq hesabat dövrü ərzində ödənilməli olan verginin məbləğinə əlavə edilir.

Məcəllənin 175.5-ci maddəsində isə göstərilib ki, bu Məcəllənin 163-cü maddəsində göstərilən hallarda bəyannamədə büdcəyə çatası ƏDV-nin məbləği düzgün göstərilməmişdirsə, büdcəyə ödənilməli olan ƏDV-nin məbləği həmin halların yarandığı hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir.

Vergi Məcəlləsinin 71-1-ci, 163-cü, 174.2-ci və ya 175.5-ci maddələrinə görə, əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlər dəyişdikdə və digər hallarda vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas yaranır. Belə hallar müəyyən edildikdə ƏDV üçün elektron qaimə-fakturanı vermiş və ƏDV-nin məbləğini həmin elektron qaimə-fakturada düzgün göstərməmişdirsə, yaxud ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, Vergi Məcəlləsinin 174.2-ci və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır.

Misal: ƏDV qeydiyyatında olan müəssisə 2020-ci ilin may ayında göndərdiyi elektron qaimə-fakturanı noyabr ayında ləğv edib. Bu zaman ləğv edilmiş e-qaimə üçün may ayının ƏDV bəyannaməsinə, yoxsa qaimənin ləğv edildiyi ayın ƏDV bəyannaməsinə dəqiqləşmə verilməlidir? Vergi Məcəlləsinin yuxarıda qeyd eidlən tələblərinə əsasən, bu halda dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə, yəni noyabr ayında aparılır.

Son xəbərlər
Digər xəbərlər