“Xalq” Bankının “Xalq Əmanəti” layihəsinin 22-ci nəşri Azərbaycanın Xalq rəssamı Lətif Kərimovun “Azərbaycan xalçası” kitabına həsr olunmuşdur.
Azərbaycan və ingilis dillərində hazırlanmış bədii albom L.Kərimovun 1961-ci ildə Leninqrad şəhərində çap olunmuş “Azərbaycan xəlçəsi” kitabının əsasında yenidən dərc edilmişdir.
Dekabrın 2-də Bakıda görkəmli rəssamlar, ziyalılar və digər incəsənət təmsilçilərinin iştirakı ilə yeni nəşrin təqdimatı keçirilmişdir. Gecədə çıxış edənlər kitabın xalça sənətinin tədqiqatçıları üçün dəyərli mənbə olduğu, Azərbaycan təsviri sənətinin çağdaş dünyada tanınmasında xüsusi əhəmiyyət daşıdığını qeyd etmişdir, bütövlükdə “Xalq Əmanəti” layihəsinin milli irsin qorunmasında rolundan danışmışdır.
Lətif Hüseyn oğlu Kərimov 1906-cı ilin noyabr ayının 17-də Şuşa şəhərində anadan olmuşdur.
L.Kərimov Azərbaycan mədəniyyət tarixinə yalnız görkəmli ornamentalist və xalça rəssamı kimi deyil, eyni zamanda xalça sənətini, incəsənətin və elmin ayrıca bir sahəsi olaraq, ilk dəfə hərtərəfli araşdıran dərin tədqiqatçı və alim kimi də daxil olmuşdur.
L.Kərimovun “Azərbaycan xalçası” əsəri yeni nəşrdə öz məzmun və əsas quruluşunu saxlamışdır. Əsərdə ilk dəfə olaraq xalçalar xovsuz və xovlu kimi iki hissəyə bölünür, onların dörd əsas inkişaf mərhələsi təyin edilir. Əsərdə müəllif yenə də ilk dəfə Azərbaycanın ayrı-ayrı xalça məktəblərini “növ” və “qrup” adı ilə Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz kimi növlərə ayırıb, daha sonra ayrı-ayrı qruplara bölmüş, bu qruplara daxil olan xalçaların, qısaca da olsa, bədii və texniki xüsusiyyətlərini təhlil etmişdir.
L.Kərimov 20 il ərzində Azərbaycan xalçaçılıq məntəqələrindən 1300 xalça elementi toplamışdır. Onların əksər hissəsinin qrafik rəsmləri əsərdə damalı kağızlar üzərində yerləşdirilmiş və bu elementlərin xalçalar arasında işlənən adları və müəllifin şəxsi fikirləri qeyd edilmişdir.
Azərbaycan xalçaları əsrlər boyu yalnız Azərbaycan və Qafqazda deyil, dünyanın bir çox ölkələrində şöhrət qazanmış, dünya bazarlarında çox yüksək qiymətləndirilmişdir. Mahir xalça ustalarımızın bu vaxta kimi yaratdığı ən gözəl və yüksək bədii keyfiyyətli xalçalar dünyanın bir çox məşhur muzeylərində nadir sənət əsərləri nümunəsi kimi saxlanmaqdadır.
L.Kərimov Azərbaycan xalçalarının hələ bizim eradan çox-çox əvvəl təşəkkül tapdığını əsaslandıraraq qeyd edir ki, Azərbaycan xalçaçılığı öz inkişaf mərhələsinə xarici şərqşünasların və sənətşünasların iddia etdikləri kimi, XVIII əsrdə deyil, ondan xeyli əvvəl çatmışdır. İndi artıq məlumdur ki, hələ eramızdan əvvəl Azərbaycanda ticarətin inkişafı ilə əlaqədar olaraq, tətbiqi sənətlər, o cümlədən xalçaçılıq sənəti də yüksək səviyyədə olmuşdur. Bunu həm şifahi xalq ədəbiyyatı, yazılı mənbələr, həm də arxeoloji qazıntılardan tapılmış xalça nümunələri təsdiqləyir.
Məlum olduğu kimi, L.Kərimov nəinki xalça sənətinin dərin tədqiqatçısı, eyni zamanda istedadlı ornamentalist-rəssam idi. O, həmçinin ədəbiyyat tarixini dərindən bilir, bəzən şeirlər yazırdı. Lətif Kərimov “Azərbaycan xalçası” əsərində xalçaçılıqla əlaqədar olaraq orta əsr Azərbaycan və İran klassiklərinin əsərlərindən də misallar gətirir. Azərbaycan xalçalarının təsvirinə klassik ədəbiyyatımızda, xüsusən poeziyamızda da tez-tez rast gəlmək olur.
1941-ci ildə XII əsrdə yaşamış dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə istedadlı rəssamlarımız (K.Kazımzadə, İ.Axundov, R.Mustafayev və b.) və xalça ustaları L.Kərimovun rəhbərliyi və hazırladığı çeşnilər əsasında şairin poemaları mövzusunda beş xalça hazırlamışlar.
1950-ci illərdən başlayaraq L.Kərimov yüzlərcə portret və ornamental xalçalar yaratmış, özündən sonra zəngin irs qoyub getmişdir. Həmin əsərlər Azərbaycan, Avropa, Amerika muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.
Dünyada ilk xalça muzeyinin yaradılmasının və onun təşkilinin ilk təşəbbüskarı da məhz Lətif Kərimovdur.
1980-ci ildə L.Kərimovun təşəbbüsü ilə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin Rəssamlıq fakültəsində ilk dəfə olaraq xalça şöbəsi açılmışdır. L.Kərimov şəxsən bu şöbədə xalça rəssamlarının hazırlanmasına rəhbərlik etmiş və tədris proqramlarının da tərtibçisi olmuşdur.
Azərbaycan Elmlər Akademiyasının yaradıldığı gündən (1945-ci il) ömrünün axırına kimi (1991-ci il) Lətif Kərimov Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunda xalça şöbəsinin müdiri işləmişdir. Bununla bərabər, o, xalça elmi sahəsində çoxsaylı mütəxəssislər hazırlamışdır.
Lətif Kərimovun özündən sonra qoyub getdiyi ən böyük töhfə “Azərbaycan xalçası” kitabıdır. Bu əsərdən sonra yaranan xalça sənəti üzrə tədqiqat işlərinin əksəriyyəti bu kitabdan qidalanır.
Lətif Kərimovun “Azərbaycan xalçası” kitabı ensiklopedik xarakter daşıyır. Bu əsər klassik Azərbaycan xalçalarının öyrənilməsində əvəzsiz mənbədir. Kitab milli naxışların zənginliyi və dolğunluğu baxımından bütün xalça mütəxəssisləri, o cümlədən bədii metal, keramika, tikmə, xalça, divar boyakarlığı ilə məşğul olan rəssamlar, xalq ustaları və həvəskarlar üçün əvəzsiz vəsaitdir.
“Xalq” Bankının “Xalq Əmanəti” layihəsi çərçivəsində nəşr olunan “Azərbaycan xalçası” kitabı Azərbaycan xalçalarının öyrənilməsində əvəzsiz mənbədir.
“Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə – azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Şamo Abasov, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilmiş və bədii albomlar nəşr olunmuşdur. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görmüşdür.
Lətif Kərimovun əsərlərindən ibarət ekspozisiyasını dekabr ayının 4-dən başlayaraq “Xalq” Bankının Əsas binasında (Ünvan: Bakı şəh., İnşaatçılar pr., 22L) fəaliyyət göstərəcək.
Sərgini iş günləri saat 18:00-dan 21-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək ziyarət etmək mümkündür. Giriş sərbəstdir.